- 12:25 | 12.12.2024
- Digər
Zaman bizi Ulu Öndər Heydər Əliyevdən fiziki olaraq nə qədər uzaqlaşdırırsa, sanki Böyük Lider mənəvi olaraq bizə daha da yaxınlaşır. Onun böyüklüyü, əzəməti zaman keçdikcə daha aydın görünür. Azərbaycan xalqının Böyük oğlu, müasir milli dövlətçiliyimizin və Azərbaycançılıq məfkurəsinin banisi Heydər Əliyev haqqında fikir bildirmək, onun haqqında düşüncələri bölüşmək çətin və məsuliyyətlidir. Belə ki, ömrünü siyasi fəaliyyətə, dövlət maraqlarına, xalqına həsr edən böyük şəxsiyyət Heydər Əliyev dünyanın ən nüfuzlu siyasətçiləri sırasında daim zirvələrdə yer alıb. Məhz bu baxımdan, Heydər Əliyev deyərkən, ilk olaraq gözümüz önündə xarizmatik Lider, Böyük Azərbaycanlı canlanır. Bu gün Onun böyüklüyü, əbədiliyi özünü daha qabarıq, daha geniş fonda əks etdirməkdədir.
Azərbaycan xalqının və Azərbaycan dövlətinin uğurlu inkişaf modelinin təməlini təşkil edən məqamlar sırasında Heydər Əliyevin Liderlik, Xilaskarlıq Missiyası müstəsna əhəmiyyətə malikdir. Belə bir meyar isə hər xalqa, hər millətə nəsib olmur. Əgər bu gün xalqımızın Ümummilli Lideri, Ulu Öndəri Heydər Əliyev barədə fikirlərimizi bölüşürüksə, ilk növbədə Onun Böyük Azərbaycanlı olduğunu xüsusi olaraq vurğulamalıyıq.
Əbəs deyil ki, Heydər Əliyev deyərkən Azərbaycan, Azərbaycan deyərkən isə Heydər Əliyev gerçəkliyi parlaq günəştək aydın səmalarımızdan üzərimizə nur yağdırır - O, yaşayır, yaşadılır və öz əbədiliyi ilə, atalıq nuru ilə gələcək yollarımıza işıq saçır. Bu yolu müəyyən etmək üçün, bu gələcəyi təmin etmək üçün Heydər Əliyev bütün mənalı həyatı boyunca sözün əsl mənasında çarpışdı, mübarizə apardı, dünyaya qətiyyətin, fədakarlığın nə olduğunu sübuta yetirdi. Bizlər - Vətən sevdalısı olaraq Heydər Əliyevin miras qoyduğu Azərbaycançılıq, milli-mənəvi dəyərlərin qorunub-saxlanılması ideologiyasını, dövlətçilik ənənəsini yaşatmaqdayıq.
Bu gün Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə inkişaf etməsi ata vəsiyyətinə sadiqliyin tərənnümüdür. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin fonunda müxtəlif uğurlu inkişaf strategiyasının davam etdirilməsi və yaradıcı şəkildə inkişafı, hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, səmərəli xarici siyasət kursunun həyata keçirilməsi müasir Azərbaycan dövlətinin gücünü artıran fundamental faktorlar kimi çıxış edir. 44 günlük Vətən müharibəsi və Zəfər reallığı isə bu fundamental faktorları taclandıran amilə çevrilmişdir.
Bu xüsusda Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın işğaldan azad olunmasından sonra Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edən cənab prezident İlham Əliyev həm də ata vəsiyyətini yerinə yetirdiyini qürurla, şərəflə vurğulamışdı. Həqiqətən də bu böyük, nəhəng bir tarixi hadisə oldu və bu hadisənin canlı şahidləri olaraq bizlər nə qədər şərəfli tarixi dövrü yaşamağımızdan hədsiz qürur hissi duymaqdayıq. Ən əsası, Fateh Sərkərdə İlham Əliyevin cəsarəti, uzaqgörənliyi sayəsində uzun illərdən sonra Xalqımız “Qalib” statusuna yüksəldi və torpaqlarımız işğaldan tam azad olundu. İndi fəxarətlə deyirik: “Biz Azərbaycanlıyıq”.
Bu, Ulu Öndər Heydər Əliyev yolunun davamı, xalqın birmənalı dəstək verdiyi siyasətin məntiqi nəticəsidir!
Orxan Məmmədli
Yasamal Rayon Məhkəməsinin hakimi