- 15:53 | 14.11.2024
- Maarifləndirmə
Nikah bağlandıqdan sonra ər və ya arvad nikahın etibarsız sayılmasını və ya nikahın pozulmasını tələb edə bilərlər.
Nikahın etibarsızlığı, nikahın pozulmasından fərqli olaraq o mənaya gəlir ki, həmin nikah, ümumiyyətlə "bağlanmamış" hesab edilir. Təbii ki, bunun üçün də müəyyən əsaslar olmalıdır. Lakin nikahın pozulması halında, nikahın qüvvədə olduğu vaxt ərzində etibarlı olmasına dair mübahisə yaranmır və sadəcə, nikahın daha davam etdirilməməsi və ona xitam verilməsi öz təsdiqini tapır.
Nikahın etibarsız sayılması məhkəmə qaydasında təsdiq edilir və yalnız aşağıdakı əsaslar olduqda, bağlanmış nikah bağlandığı tarixdən etibarən etibarsız hesab edilə bilər:
Nikaha daxil olan şəxslərin yazılı razılığı olmamışdırsa, onların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış təqdim edilməmişdirsə və onlar nikah yaşına (18 yaş) çatmamışlarsa; nikah yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər, ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər arasında bağlanmışdırsa; nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətmişdirsə; eləcə də nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadan (saxta nikah) bağlandıqda.
Saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) məhkəmədə iddia qaldıra bilər. Lakin nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı artıq saxta hesab edə bilməz. Qeyd edim ki, nikahın saxta olmasını məhkəmədə sübut etmək elə də asan deyil.
Bəs etibarsız hesab edilmiş nikahdan doğulmuş uşaqlar?
Nikahın etibarsız sayılması, bu nikahdan doğulan və ya nikahın etibarsız sayılması günündən sonra 300 gün ərzində doğulan uşaqların hüquqlarına təsir etmir. Yəni həmin uşaqlara münasibətdə də valideynlər normal nikahlarda olduğu kimi, bütün vəzifələrini daşıyırlar və etibarsız nikaha istinad edərək vəzifələrindən imtina edə bilməzlər.
Gülnar Əliyeva
Vəkillər Kollegiyasının üzvü