Yüz minlik oğurluqda təqsirləndirilən şəxsə bu cəza verildi

Siyəzəndə karxanadan külli miqdarda oğurluq etməkdə təqsirləndirlən Sirac Vəliyev (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Vəliyev 6 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Vəliyev Siyəzən rayonu Yenikənd kəndi ərazisində yerləşən qum-çınqıl qırmadaş karxanasından ümumi dəyəri 102 min 708 manat olan müxtəlif avadanlıqlar oğurlamaqda təqsiləndirilib. 

O, məhkəmədə ifadəsində özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyib. O, həmin karxananın bacısının əvvəllər qeyri-rəsmi münasibətdə olduğu şəxsə aid olduğunu və 2009-cu ildən bəri fəaliyyətini dayandırdığını söyləyib. Onun sözlərinə görə, həmin şəxs karxananı ona verib. Sirac karxanadakı avadanlıqları oğurlamadığını deyib. Karxananın faktiki sahibi həmin karxanadakı avadanlıqları götürməyinə icazə verib. Bu səbəbdən o, rahatlıqla həmin karxanadakı avadanlıqları satıb. Ümumilikdə, həmin avadanlıqlardan 13800 manat məbləğində pul əldə edib. Həmin pulu da müxtəlif zəruri xərclərini ödəmək üçün istifadə edib.

Zərərçəkmiş isə deyib ki, həmin karxana onun özünə məxsusdur. Siracın bacısının əvvəllər qeyri-rəsmi münasibətdə olduğu şəxs sadəcə şərik olub və bura çəkdiyi xərci götürdükdən sonra şərik münasibətlərinə son qoyub. Zərərçəkmişin sözlərinə görə, təqsirləndirilən şəxs oğurluq hadisəsi baş verən gün ona zəng edərək karxananı sökməyə getdiyini deyib və bunu bacısının qisasını almaq məqsədilə etdiyi bildirib. 

Şəbnəm Mehdizadə