Yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsi qanunidirmi?

Yaşayış yeri (qediyyat yeri) olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzdur.

Bu, Azərbaycan Respublikasının Konstitusiyasının, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun, Konstitusiya Məhkəməsinin şərhinin və Nazirlər Kabinetinin bununla bağlı sərəncamın pozulmasıdır. 

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında qanunun 1-ci maddəsinə əsasən hər bir vətəndaş 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra 1 ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. Şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilməsi qəti qadağandır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanununun 5-ci maddəsinin və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında Qanunu ilə təsdiq edilmiş Şəxsiyyət vəsiqəsinin təsvirinin müdəalarının şərh olunması barədə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli şərhinin 1-ci hissəsində əsasən Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanununun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulduğu 2-ci hissəsində Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanununun, o cümlədən də onun 5-ci maddəsinin mətni, habelə vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında Qanunu ilə təsdiq edilmiş Şəxsiyyət vəsiqəsinin təsvirində vətəndaş haqqında məlumatların sırasında "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bil­məz 3-cü hissəsində isə şərhin 2-ci bəndinə Nazirlər Kabinetinə tövsiyyə olunsun ki, yaşayış yeri olmayan vətəndaşları xüsusi yerlər üzrə qeydiyyatdan keçirilməsini və onlara Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təxirəsalınmadan təşkil etsin qeyd edilmişdir. Həmin şərh əsasında Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55 s nömrəli sərəncam qəbul etmişdir. Həmin sərəncamın 1-ci hissəsində yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi nəzərdə tutulmuşdur.

Qeyd: Yəni qısa olaraq desək vətəndaş hər bir halda şəxsiyyət vəsiqəsi ilə təmin edilməlidir, yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməli “yaşayış yeri” bölməsində həmin ünvan şərti olaraq qeyd edilməlidir. 
 
Vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edildikdə İnzibati icraat haqqında qanunun 71 və 72.1-ci maddələrinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda isə inzibati orqanın hərəkət və hərəkətsizliyindən inzibati və ya məhkəmə qaydasında şikayət vermək hüququna malikdirlər. 

Əlavə olaraq bildirim ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir (567.1).İnzibati Xətalar Məcəlləsinə əsasən isə vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir (565).

Rahim Abıyev

Hüquqşünas