Baş Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTO


  • 22 İyul 16:36

İyulun 22-də Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin rəhbərliyi ilə Mərkəzi aparatın, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videoformat rejimində 2024-cü ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Geniş Kollegiya iclasında giriş nitqi ilə çıxış edərkən 2024-cü ilin birinci yarımilində də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikasının bir sıra nailiyyətlər əldə etdiyini, ölkəmizdə mühüm, əlamətdar hadisələrin yaşandığını, onların bir çoxunun isə xalqımız üçün tarixi və mənəvi əhəmiyyət kəsb etməsini bildirib.

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və cari ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 barədə danışarkən Kamran Əliyev hər iki məsələnin ölkəmiz üçün əhəmiyyəti, Respublika üzrə, o cümlədən prokurorluq orqanları tərəfindən bu istiqamətdə həyata keçirilmiş tədbirlər barədə məlumat verərək COP-29-la bağlı tədbirlərin dövlətimizin nüfuzuna uyğun səviyyədə, təhlükəsiz şəraitdə keçirilməsi üçün prokurorluq orqanlarının digər hüquq-mühafizə orqanları ilə birlikdə qüvvələrini səfərbər etməli olduğunu xüsusi vurğulayıb.

Qeyd edilib ki, hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri intensiv formada davam etdirilib, cənab Prezident İlham Əliyev tərəfindən Ağdam, Cəbrayıl, Zəngilan və Şuşa rayonlarında kəndlərin və qəsəbələrin təməli qoyulub, həmçinin cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çoxsaylı ictimai iaşə, yaşayış, kommunikasiya obyektlərinin açılışlarında iştirak edilib.

Vurğulanıb ki, 2024-cü ilin birinci yarımilində də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən uğurlu işlər nəticəsində keçmiş məcburi köçkünlərin hissə-hissə öz yurd-yuvalarına qaytarılması təmin edilib.

Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 18518 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilmiş, 2023-cü ilin birinci yarımili ilə müqayisədə qeydə alınan cinayətlərin sayında 1015 fakt və ya 5,2 faiz azalma olmuş, ümumilikdə ölkə üzrə cəmi 8819 cinayət işinin istintaqı tamamlanıb ki, bunlardan 524-ü prokurorluq orqanlarında isintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 359, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 7076 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 696 milyon 983 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə 193 milyon 441 min manatın ödənilməsinə nail olunub.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 75 milyon 906 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49 milyon 368 min manat hissəsinin ödənilməsinə nail olunub, 8.361.026 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

Qeyd edilib ki, 2023-cü ildən istifadəyə verilmiş “Elektron Porkurorluq” informasiya sistemi artıq bütün prokurorluq orqanlarında uğurla tətbiq edilir, Baş Prokurorluğun Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə qoşulması nəticəsində 2024-cü ilin birinci yarımili ərzində inteqrasiya ilə prokurorluq orqanlarına 6825 sənəd daxil olmuş, 7582 sənəd isə digər qurumlara göndərilib.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hər il olduğu kimi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə ciddi cəhdlə davam etdirilib, Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 25 şəxs bilavasitə cinayət başında yaxalanıb, axtarışda olan 4 nəfər isə saxlanılıb.

Kollegiya iclasında daxili işlər və digər aidiyyəti dövlət qurumları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə hesabat dövründə onlardan 1-i üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə hesabat dövründə birinci instansiya məhkəmələrində 8307 şəxs barəsində 7530, apellyasiya instansiyası məhkəmələrində 2588 şəxs barəsində 2378, kassasiya instansiyası məhkəməsində 1542 şəxs barəsində 1350 (bütün instansiya məhkəmələri üzrə cəmi 12437 şəxs barəsində 11258 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 770 apellyasiya və 304 kassasiya protestləri verilmiş, *384 apellyasiya protesti və 71 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin aradan qaldırılması təmin olunub.

2024-cü ilin birinci yarımilində Respublika Hərbi və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının fəaliyyətləri qənaətbəxş hesab olunmuş, əldə edilmiş müsbət tendensiyaların qorunması həmin prokurorluqlara tövsiyə edilməklə, onların daha da inkişaf etdirilməsi və xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində bir sıra göstərişlər verilib.

Hesabat dövründə həmçinin Bakı şəhər prokurorluğunun fəaliyyəti Baş prokuror Kamran Əliyev tərəfindən ümumən müsbət qiymətləndirilib, bununla yanaşı qeyri-aşkar şəraitdə törədilməklə ötən illərdən bağlı qalmış cinayət işlərinin açılması məqsədilə zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin digər qurumlarla birgə icrasının davam etdirilməsi, icraatda olan cinayət işləri və materiallar üzrə müəyyən edilmiş maddi ziyanın ödətdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi tapşırılıb.

Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2023-cü ilin birinci yarımili ilə müqayisədə adam öldürmə cinayətlərinin sayı sabit qalıb və törədilən 75 cinayətdən 74-ün açılması təmin olunub.

Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalıb.

Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 458 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

2024-cü ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 643 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Qeyd edilib ki, Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə hesabat dövründə daxil olmuş müraciətlərdən 14562 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 2213 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılmaqla qanuna müvafiq tədbirlərin görülməsi təmin edilib.

Kollegiya iclasında qeyd edilib ki, ötən yarımildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 4-nə töhmət və ya şiddətli töhmət elan edilib, 3 nəfər vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin icra edildiyi, prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla və şəffaf prosedurlar əsasında gənc hüquqşünaslarla komplektləşdirilməsinin təmin edilməsi məqsədilə işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 26-cı növbəti müsabiqə elan edildiyi diqqətə çatdırılıb.

Hesabat dövründə valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia (ümumilikdə 6 uşağın 4 valideyni barəsində) qaldırılıb.

Hesabat dövründə Prokurorluq orqanları tərəfindən beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində görülmüş tədbirlər çərçivəsində Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının nümayəndələrinin beştərəfli görüşü, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə Türk Dövlətlərinin məhkəmə və hüquq mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi təşkil edilib, eyni zamanda Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətləri Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati Bölgəsində keçirilmiş Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 57-ci iclasında və Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının 5-ci iclasında iştirak edib.

Beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilmiş tədbirlər nəticəsində 24 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib. Həmçinin, xarici ölkələrdə cinayət törədərək qaçıb ölkəmizdə gizlənmiş şəxslərlə bağlı daxil olmuş sorğular əsasında 18 nəfərin müvafiq ölkələrə ekstradisiyası həyata keçirilib. Eyni zamanda konkret cinayət işləri üzrə hüquqi yardım göstərilməsi sahəsində xarici ölkələrlə səmərəli əməkdaşlıq davam etdirilib.

Vurğulanıb ki, 2024-cü ilin birinci yarımilində də vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkili daim diqqətdə saxlanılıb, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində nöqsanların aradan qaldırılması, şəhid ailələri və qazilərin müraciətlərinə xüsusi həssaslıqla yanaşılması, informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə olunması, əməkdaşların peşə hazırlığının yüksəldilməsi istiqamətində zəruri tədbirlər görülüb.

Bu müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror tərəfindən Respublikanın 15 şəhər və rayonlarında 800-dən artıq vətəndaş qəbul edilib.

Hesabat dövründə Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq işçilərinin və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlərin keçirilməsi davam etdirilib.

Kollegiya iclasında hesabat dövrü ərzində görülmüş müsbət işlərin qeyd edilməsi ilə yanaşı xidmətin fəaliyyət zamanı yol verilmiş nöqsanlara toxunulmaqla Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə onların ətraflı təhlili aparılıb, bu cür halların aradan qaldırılması istiqamətində görülməli olan işlər, xidməti fəaliyyət zamanı qarşılaşılan porblemlər, onların həlli yolları və qarşıda duran vəzifələr barədə müzakirələr aparılmaqla bir sıra göstərişlər verilib.

Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın qəbulu, müraciətlərinə baxılması, müraciətlərində göstərilmiş xüsusatların xüsusi həssaslıqla öyrənilməsi və onların həlli istiqamətində qanunla müəyyən edilmiş tədbirlərin təxirəsalınmadan icrasının vacibliyi vurğulanıb.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Daha sonra Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Bakı şəhər prokuroru Elşən Abbasov, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini Şəfahət İmranov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Xankəndi şəhər prokuroru Rəşadət Orucov isə hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.

Baş prokuror yekun çıxışından öncə 22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edildiyini xatırladaraq media nümayəndələrini təbrik etmiş, onlara yaradıcılıq və fəaliyyətlərində uğur və müvəffəqiyyətlər arzu edib.

Eyni zamanda cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmaqla onlara minnətdarlıq bildirilib, xüsusi vurğulanıb ki, mediada əks olunmuş məlumatlar əsasında 8 araşdırma aparılmış və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanmış, 1-i üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının bundan sonrada Azərbaycan Respublikasına və onun maraqlarına dövlətçilik ənənəsinə sadiq qalmaqla sədaqətlə xidmət edəcəyini və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədəki mövcud ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini ifadə edib.

Oxşar xəbərlər