- 21 noy 2024 15:13
- Məhkəmə
E-huquq.az Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Orxan İsmayılovun yeni məqaləsini oxucuların diqqətinə təqdim edir:
(İkinci məqalə)
Biz birinci məqaləmizdə inzibati müqavilə anlayışı və ona verilən təriflər barədə məlumat verdik. Hazırkı məqalədə isə ictimai xidmətlərdən və həmin xidmətlərin icra edilmə üsullarından biri olan inzibati müqavilələrdən bəhs edəcəyik.
İlk növbədə qeyd etmək lazımdır ki, ictimai xidmət inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) tərəfindən və ya onların verdiyi səlahiyyət əsasında və nəzarəti altında fiziki və ya hüquqi şəxslər tərəfindən ictimai mənafenin təmin edilməsinə yönələn fəaliyyətdir.
Qeyd etmək lazımdır ki, ingilis dilində “public service”, alman dilində “öffentlicher Dienst”, fransız dilində “service publique” və ya türk dilində “kamu hizmeti” dilimizə “dövlət xidməti”, yaxud “ictimai xidmət” kimi tərcümə olunur. Milli qanunvercilikdə isə “dövlət xidmətləri” anlayışından istifadə edilir.
“Dövlət xidməti portalında” 121 dövlət xidməti əksini tapmışdır. “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarından görünürür ki, dövlət xidmətləri mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları tərəfindən göstərilir. Eyni zamanda, həmin “Qaydalar”ın 1.2.1-ci bəndində qeyd olunmuşdur ki, dövlət xidməti - xidməti həyata keçirən qurumlar tərəfindən səlahiyyətlərinin icrası zamanı göstərilən və müvafiq hüquqi nəticənin yaranmasına səbəb olan hərəkətlərin həyata keçirilməsidir.
Hesab edirik ki, “ictimai xidmət” anlayışı “dövlət xidməti” anlayışına münasibətdə daha genişdir.
Qeyd etmək lazımdır ki, ictimai xidmətlərin icra edilməsi üsulu (metodu) onun hansı subyekt tərəfindən və necə icra olunacağını ifadə edir. Klassik üsul ictimai xidmətin müvafiq inzibati orqan tərəfindən icra edilməsidir. Həmin inzibati orqanlardan biri də yerli özünüidarə orqanı olan bələdiyyələrdir.
Nəzərə almaq lazımdır ki, “Bələdiyyələrin statusu haqqında” Qanunun 14-cü maddəsinə əsasən bələdiyyələr və onların orqanları dövlət hakimiyyəti orqanları sisteminə daxil deyildir. Dövlət orqanları və dövlətin vəzifəli şəxsləri tərəfindən yerli özünüidarənin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 4-cü maddəsinin aşağıdakı normalarına nəzər salaq:
Maddə 4. Yerli sosial müdafiə və sosial inkişaf proqramları
1. Yerli sosial müdafiə proqramları bələdiyyə tərəfindən müəyyən edilən vətəndaşlar kateqoriyasına dövlət sosial təminatından əlavə sosial təminatlar müəyyən edir. Həmin təminatlar mütəmadi və birdəfəlik ola bilər.
2. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarından məqsəd dövlətin həyata keçirdiyi sosial inkişaf proqramlarında nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli sosial inkişaf məsələlərini həll etməkdir. Həmin proqramlar, təhsil, səhiyyə, mədəniyyət, yaşayış və qeyri-yaşayış binalarının saxlanılması və istifadə edilməsi, sanitariya müəssisələrinin təşkili, saxlanılması və inkişafı, mənzil tikintisi, yerli əhəmiyyətli su mənbələrindən istifadə, su təchizatının və kanalizasiya təsərrüfatının təşkili, saxlanılması və inkişafı, yanacaq təchizinin və satışının təşkili, bələdiyyə yollarının tikilməsi və saxlanılması, yerli nəqliyyat və rabitə xidmətinin təşkili, ticarət, ictimai iaşə və məişət xidmətinin təşkilinə şərait yaradılması, mədəniyyət müəssisələrinin inkişafına yardım göstərilməsi, tarix və mədəniyyət abidələrinin saxlanılması, informasiya xidmətinin təşkili, media subyektlərinin fəaliyyəti üçün şərait yaradılması, kimsəsizlərə, xəstələrə, qocalara, maddi imkansızlara, valideyn himayəsindən məhrum olmuş, həmçinin istedadlı uşaqlara əlavə yardım, fiziki tərbiyə və idmanın inkişafına yardım göstərilməsi, əhalinin məşğulluğuna, adamların peşələri üzrə işlə təmin olunmasına gənclərin sosial hüquqi müdafiəsinə, ailə kəndli təsərrüfatının inkişafına kömək göstərilməsi və yerli infrastrukturun digər sahələrini əhatə edə bilər.
Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır...
Göründüyü kimi, qanunverciliyin müəyyən etdiyi çərçivədə bələdiyyələr tərəfindən müvafiq ərazi daxilində yaşayan əhali üçün müxtəlif xidmətlər göstərilə bilər. Həmin xidmətləri də mahiyyət etibarı ilə bələdiyyə ərazisində yaşayan şəxslərə göstərilən ictimai xidmət hesab etmək olar.
Bundan başqa, qeyd olunmalıdır ki, inzibati hüquq sahəsində ictimai xidmətlərin icra edilmə üsullarından biri də inzibati müqavilədir. İnzibati müqavilə ictimai (dövlət) xidmət anlayışı ilə sıx bağlıdır. Belə ki, inzibati hüquq nəzəriyyəsindən, eyni zamanda Avropa ölkələrinin təcrübəsindən müəyyən olunur ki, dövlət və ya bələdiyyələr tərəfindən göstərilən xidmətlərin icra edilmə üsullarından biri də inzibati müqavilədir. Başqa sözlə desək, inzibati orqanlar tərəfindən ictimai xidmətlərin icra edilməsi inzibati müqavilə vasitəsilə fiziki və ya hüquqi şəxslərə həvalə edilə bilər.
Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq, hazırkı məqalədə “dövlət xidməti” əvəzinə “ictimai xidmət” anlayışından istifadə olunmuşdur.
Fərhad Mehdiyevin fikrincə, ictimai xidmətləri “ictimai ehtiyac” meyarına əsaslandırmaq kifayət etmir. Çünki hansı ehtiyacların “ictimai” olduğu bəzi hallarda mübahisəli olur. Çünki sırf mahiyyətinə görə, mütləq mənada ictimai xidmət sayılan fәaliyyәt azdır. Dövlətin iqtisadi və ictimai həyata müdaxilə etməyə başlaması ilə "ictimai xidmət" termini inzibati idarəetmə hüququnun tənzimləmə sahəsini müəyyən edən meyar kimi istifadə edilməyə başlanılmışdır. Bu meyara görə, inzibati orqanların ictimai ehtiyacları ödəmək üçün girişdiyi bütün fəaliyyətlər ictimai xidmət sayılır və inzibati idarəetmə hüququnun predmetini təşkil etdiyi qəbul edilir.
Professor Zehra Odyakmaz qeyd edir ki, göstərilən xidmətin ictimai xidmət hesab edilməsinin meyarları aşağıdakılardır:
- cəmiyyətin təmin edilməli zəruri ehtiyacı olmalıdır;
- bu ehtiyacın təmin edilməsi ictimai mənafenin təmin edilməsinə xidmət etməlidir;
- ehtiyacın təmin edilməsi üçün hər hansı fəaliyyət həyata keçirilməlidir;
- həmin fəaliyyət inzibati orqan tərəfindən və ya onun nəzarəti altında həyata keçirilməlidir;
- göstərilən xidmət inzibati hüquq qaydalarına tabe olmaldır.
Mövzudan çox uzaqlaşmadan inzibati hüquq sahəsində ictimai xidmətlərin icra edilmə üsullarından biri kimi inzibati müqavilərdən bəhs edək.
Məlumdur ki, mülki hüquq sahəsində də öhdəlik hüququnun nizamasalma predmetinə daxil olan əmlak münasibətləri xidmətin göstərilməsi (daşıma, sığorta və s. müqavilələr) və iş görülməsi (podrat müqaviləsi) ilə yarana bilər. Daha dəqiq ifadə etsək, müqavilənin predmetini borclu tərəfin etməli olduğu hərəkətlər də (xidmət göstərilməsi, iş görülməsi) təşkil edə bilər. Eynilə inzibati müqavilərdə də qarşı tərəf (özəl tərəfdaş) ictimai xidmətin icrasını həyata keçirməli və ya onun icrasında iştirak etməlidir. Başqa sözlə desək, müqavilənin inzibati müqavilə sayılması üçün onun ictimai xidmətlə əlaqədar olması yetərli deyil, müqavilə ictimai xidmətin icra edilməsi ilə birbaşa bağlı olmalıdır.
Professor Kemal Gözler qeyd edir ki, aşağıdakı üç halda müqavilənin predmetinin ictimai xidmətlərin icra edilməsi ilə bağlı olduğu qəbul edilir.
1. İctimai xidmətin icra edilməsi fiziki və ya hüquqi şəxslərə həvalə edildikdə. Belə ki, bu halda publik hakimiyyət daşıyıcısı olan orqan ictimai xidmətin icra edilməsi vəzifəsini qismən və ya tamamilə fiziki və ya hüquqi şəxslərə həvalə edir. Bu zaman tərəflər arasında bağlanan müqavilə inzibati müqavilə mahiyyətindədir. Məsələn, Fransa Dövlət Şurası (inzibati mübahisələr üzrə ən yüksək məhkəmə) 4 mart 1910-cu il tarixli qərarında bələdiyyə ilə fiziki şəxs arasında şəhərdən sahibsiz itlərin yığılması və küçələrin heyvan cəsədlərindən təmizlənməsinə dair bağlanmış müqavilənin ictimai xidmətin icra edilməsi ilə əlaqədar olduğunu bildirmiş və müqavilədən irəli gələn mübahisələrə inzibati məhkəmələrdə baxılmasına dair hüquqi mövqe ifadə etmişdir.
2. Hər hansı bir fiziki şəxs ictimai xidmətlərin icra edilməsində iştirak etdikdə. Bu hal onunla bağlıdır ki, əgər müqavilə hər hansı bir şəxsin ictimai xidmətlərin icra edilməsində iştirakını nəzərdə tutursa, demək, söhbət inzibati müqavilədən gedir. Bununla bağlı Fransa Aidiyyət Məhkəməsinin 25 mart 1996-cı qərarında qeyd olunmuşdur ki, ictimai xidmətlərin icrasını həyata keçirən orqanda işə müqavilə (xidmət müqaviləsi) əsasında qəbul olunan və dövlət məmuru olmayan şəxsin yerinə yetirdiyi işin xüsusiyyətlərindən asılı olmayaraq həmin müqavilə inzibati xarakterlidir. Qeyd etmək lazımdır ki, bu qərardan əvvəl Fransada məmur olmayan və müqavilə əsasında çalışan belə işçilərin işə qəbul üçün bağladıqları müqavilə yalnız onların ictimai xidmətlərin icra edilməsində birbaşa iştirakları olduğu halda inzibati müqavilə hesab edilirdi. Məsələn, xəstəxanada işləyən həkimlərlə bağlanan müqavilə inzibati müqavilə (inzibati xidmət müqaviləsi), lakin orada təmizlik işlərini görən işçilərin müqaviləsi mülki hüquqi müqavilə hesab edilirdi. Çünki həkimin əhalinin sağlamlığının qorunması ilə bağlı göstərilən xidmətdə birbaşa iştirakı olduğu halda, təmizlik işlərini görən işçinin isə qeyd olunan ictimai xidmətdə birbaşa iştirak etmədiyi düşünülürdü.
3. Müqavilə özü ictimai xidmətlərin icra edilməsi qaydasını (üsulunu) müəyyən etdikdə. Belə halda inzibati orqan ictimai xidmətlərin icra edilməsi vəzifəsini fiziki və ya hüquqi şəxsə həvalə etmədən elə bir müqavilə tərtib edir ki, bu müqavilə özü ictimai xidmətlərin icra edilməsi qaydasını müəyyən edir. Bu zaman ictimai xidmət inzibati müqavilənin bağlanması ilə icra edilir. Məsələn, Fransada 1946-cı il tarixli bir qanunla meşə salınması və meşələrin qorunması ilə bağlı ictimai xidməti həyata keçirən qurum yaranmışdır. Bu xidmətin icra edilməsi üçün dövlət xüsusi mülkiyyətdə olan ərazilərin sahibləri ilə müqavilə bağlayaraq meşələrin salınmasını hədəfləmişdi. Bu baxımdan qeyd olunan müqavilə ictimai xidmətlərin icra edilməsi qaydalarından (üsullarından) biri olmuşdur. Belə bir müqavilədən irələ gələn mübahisəyə baxan Fransa Dövlət Şurası 20 aprel 1956-cı il tarixli qərarında bu müqavilənin inzibati müqavilə hesab etməklə, ictimai xidmətin icra formasından (üsulundan) biri olduğunu vurğulamışdır.
Sonuncu hala misal kimi milli təcrübədən “özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilələr də göstərilə bilər. Belə ki, son dövrlər məhkəmə təcrübəsində rast gəlinən mübahisələrdən biri də Dövlət Məşğulluq Agentliyi ilə özünüməşğulluğa cəlb olunmuş şəxs arasında bağlanan “özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilələrdən irəli gələn iddialardır.
Nəzərə almaq lazımdır ki, Dövlət Məşğulluq Agentliyi əhalinin məşğulluğunun təşviq və təmin edilməsi istiqamətində müxtəlif xidmətlərin icra edilməsini həyata keçirir. Başqa sözlə desək, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində Agentliyin həyata keçirdiyi tədbirləri ictimai xidmət kimi qiymətləndirmək olar.
Özünüməşğulluğa cəlb olunmuş şəxslə “özünəməşğulluğa kömək göstərilməsinə dair” bağlanmış müqavilə mahiyyət etibarı ilə səlahiyyətli orqanın əhalinin məşğulluq səviyyəsini artırmaq, layiqli əməyi dəstəkləmək və s. istiqamətdə həyata keçirdiyi fəaliyyətin bir formasıdır (üsuludur).
Qeyd etmək lazımdır ki, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür.
Göründüyü kimi, inzibati orqanla özünüməşğulluğa cəlb olunmuş şəxs arasında bağlanan “özünəməşğulluğa kömək göstərilməsinə dair” müqaviləyə uyğun olaraq özünüməşğulluğun təşkili üçün üçün natura şəklində material, avadanlıq və digər əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsə verilir. Eyni zamanda həmin şəxs isə müəyyən olunmuş sözügedən əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. İnzibati orqan özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir.
Nəzərə almaq lazımdır ki, özünüməşğulluq həm də şəxsin dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Bu baxımdan hesab edirik ki, qeyd olunan müqavilənin predmetini mahiyyət etibarı ilə ictimai xidmətlərin icra edilməsi təşkil edir.
Qeyd olunmalıdır ki, “özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilənin bağlanmasında məqsəd məhz ictimai mənafenin (yeni iş yerlərinin yaradılması, layiqli əməyi dəstəkləmək, işsizlik və yoxsulluq səviyyəsinin azaldılması və s.) təmin edilməsidir.
İctimai mənafenin təmin edilməsi üçün inzibati hüququn ümumi prinsiplərindən irəli gələrək inzibati orqana müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq üstün səlahiyyətlər verilir. Məsələn, inzibati müqavilələrdə inzibati orqan istədiyi vaxt müqavilənin digər tərəfinin müqavilə şərtlərinə uyğun davranıb-davranmadığı yoxlaya və bu məqsədlə zəruri məlumatları və sənədləri tələb edə bilər.
“Özünəməşğulluğa kömək göstərilməsinə dair” müvavilədən irəli gələrək inzibati orqan tərəfindən özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqinin (o cümlədən elektron monitorinqinin) aparılması və özünüməşğulluğa cəlb olunmuş şəxsin müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a (Məşğulluq” altsistemi) daxil etməsi inzibati orqanın üstün səlahiyyətlərinin olmasını göstərir.
Beləliklə, qənaətimiz ondan ibarətdir ki, “özünəməşğulluğa kömək göstərilməsinə dair” bağlanmış müqavilə hüquqi təbiəti etibarı ilə inzibati müqavilə kimi qiymətləndirilə bilər.
İstifadə olunmuş ədəbiyyat siyahısı
1. Azərbaycan Respublikasının Konstitusiyası
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
2. Kemal Gözler; İdare hukuku, cilt 2, 3. baskı, Bursa 2019.
3. Zehra Odyakmaz. Genel olaraq idarenin sözleşmeleri. Elektron mənbə: https://webftp.gazi.edu.tr/hukuk/dergi/2_12.pdf
4. Fərhad Mehdiyev. İnzibati hüquq. Bakı 2010.
5. “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli qərarı
6. Məşğulluq haqqında Qanun
7. Dövlət Məşğulluq Agentliyinin Nizamnaməsi
8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”
9. “Bələdiyyələrin statusu haqqında” Qanun
10.Elektron mənbə: https://www.dxr.az/xidmetler/tip/dovlet-xidmetleri?pageName=B%C3%BCt%C3%BCn%20d%C3%B6vl%C9%99t%20xidm%C9%99tl%C9%99ri