Məhkəmə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü ilə bağlı qərar verəcək

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Piruz Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fəxri Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində baş verib. 1999-cu il təvəllüdlü Məmmədov Piruz İsa oğlunun idarə etdiyi “Mercedes Benz C 320” markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb. Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Həsənov Tofiq Azər oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücü P.Məmmədov və digər sərnişinlər - 1998-ci il təvəllüdlü Piriyev Orxan Fariz oğlu və 1996-cı ildə anadan olmuş Aslanov Allahverdi Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə