"Qarşılıqlı iddia ərizəsinin qəbuledilmə meyarı kimi qanunun imperativ norması müstəsnalıq təşkil etməlidir"


  • 14 Avqust 10:13

Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddədə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli qərarları).

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarı, hüquqi praktika baxımından çox əhəmiyyətli bir sənəddir. Bu qərar, inzibati və mülki hüquq sahələrindən irəli gələn mübahisələrin hansı məhkəmələrdə baxılmalı olduğunu müəyyən edir, hüquq subyektlərinin hüquqlarının və qanuni maraqlarının qorunmasına təminat verir.

Bu qərarın əsas məqamı: 1) Məhkəmə aidiyyəti baxımından: Qərar, inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin hansı məhkəmə tərəfindən baxılmalı olduğunu müəyyən edir. Bu, hər iki hüquq sahəsinin xüsusiyyətlərini nəzərə alaraq mübahisələrin düzgün aidiyyətinin təyin edilməsində əsas rol oynayır. 2) İnzibati və mülki hüquq arasında fərqlər baxımından: Qərarda, inzibati hüququn dövlət orqanlarının qərarları, hərəkətləri (və ya hərəkətsizlikləri) ilə bağlı mübahisələrə aid olduğu, mülki hüququn isə fiziki və hüquqi şəxslər arasında mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrə aid olduğu vurğulanır. 3) Yurisdiksiya məsələləri baxımından: Mülki və inzibati məhkəmələr arasındakı yurisdiksiya fərqlərinin aydın şəkildə müəyyənləşdirilməsi, mübahisələrin ədalətli həllinə və məhkəmə sistemində qarışıqlığın qarşısının alınmasına kömək edir.

Bəs Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarı hüquq praktikası baxımından tətbiqi aidiyyətlə əlaqədar mübahisələri tam aradan qaldırırmı? Qeyd etmək lazımdır ki, Plenumun Qərarında münasibət bildirilməyən, qarşılıqlı iddia ərizəsi təqdim olunan prosesdə, hansı normativ akta istinad edilməsi sualı, hüquqi praktikada vacib bir məsələdir.

Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarının (bundan sonra Plenumun Qərarı) hüquq praktikası baxımından tətbiqi bir sıra çətinliklər yaratmasına rast gəlinməkdədir. Bu çətinliklər, prosesdə Plenumun Qərarını çərçivə kimi təqdim edən hakimlər tərəfindən süni şəkildə yaradılan hüquqi problemlər, normativ aktların düzgün olmayan təfsiri, məhkəmə praktikasında meydana çıxan anlaşılmazlıqlar və yekunda hüquqi proseslərin səmərəli olmaması ilə bağlıdır. Məhkəmə qərarlarındakı ziddiyyət ilk növbədə Mülki Prosessual Məcəllənin 35.3-cü maddəsinin tələbindən irəli gəlir. Belə ki, Plenumun Qərarı məhkəməyə verilən ilkin iddia ərizələri ilə bağlı məhkəmə aidiyyətinin düzgün seçilməsini müəyyən edir. Qarşılıqlı iddialar zamanı isə Plenumun Qərarı ilə MPM-nin 35.3-cü maddəsi arasında uyğunluğun olmaması məhkəmələrin yurisdiksiyanı düzgün müəyyən etməsinə mane ola bilər. Bu halda, mübahisələrin baxılma yurisdiksiyası ilə bağlı qarışıqlıq yarana və bu da hüquq subyektlərinin hüquqlarının pozulmasına səbəb ola bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələr eyni hadisədən qaynaqlanırsa, onların müxtəlif məhkəmələrdə ayrı-ayrı baxılması məcburiyyəti yarana bilər. Bu, prosesin ləngiməsinə və hüquqi xərclərin artmasına səbəb ola bilər. Mübahisələrin müxtəlif məhkəmələrdə ayrılıqda baxılması hüquqi prosesin ləngiməsinə və mürəkkəbləşməsinə gətirib çıxarır. Belə olduğu halda, tərəflər üçün hüquqi addımlara görə əlavə xərclərin yaranmasını istisna etmir və hüquqi prosesin ədalətli şəkildə yekunlaşacağına ümid yaratmır. Qərarın tətbiqi zamanı mülki və inzibati hüquq arasında sərhədlərin bəzən qeyri-müəyyən olması məhkəmə prosesini mürəkkəbləşdirə bilər. Mübahisələrin hansı hüquq sahəsinə aid olduğunu müəyyən etməkdə süni çətinlik yaransa bu, məhkəmə aidiyyəti ilə bağlı əlavə mübahisələrə gətirib çıxara bilər. Plenumun Qərarında qarşılıqlı iddia ərizəsi ilə bağlı tənzimləyə münasibət bildirilməmişdir. Bu xüsusat müxtəlif məhkəmələr tərəfindən fərqli şəkildə təfsir olunaraq qarşılıqlı iddia ərizəsinin geri qaytarılmasına, bəzən də yuxarı instansiya tərəfindən aşağı instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasına rast gəlinir ki, bu da hüquqi ədalətin təmin olunmasına mane olur.

Hakimlər məhkəmə aidiyyəti məsələlərini həll edərkən qanunların təfsirində müəyyən bir çeviklik tətbiq edə bilərlər. Bu çeviklik, bəzən hüquqi mübahisələrin daha effektiv həlli üçün vacib olsa da, qarşılıqlı iddialar kimi spesifik hallar üçün MPM-nin maddələrinə istinad olunmalıdır. Əgər qarşılıqlı iddia inzibati hüquqla bağlıdırsa, əsas iddia isə mülki hüquqa aiddirsə, bu halda müvafiq məhkəmə aidiyyəti məsələsi daha mürəkkəb ola bilər və qərarın tətbiqi ilə MPM-nin 35.3-cü maddəsi arasında uyğunluq tələb olunur.

Eyni zamanda, qarşılıqlı iddia ərizəsi daxil olduqda hakimlər tərəfindən məhkəmə aidiyyəti ilə bağlı məsələ MPM-nin 35.3-cü maddəsi ilə deyil, Plenumun Qərarını əsas götürməklə tənzimlənirsə və Məcəllənin imperativ normasına müraciət olunmursa, bu vəziyyət qanunun düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir.

Digər yanaşmaya görə, məhkəməyə qədər nizamlamanın məqsədi tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə və zəhmətinə qənaət etməkdən, yalnız tərəflərin razılığa gəlmədiyi təqdirdə məhkəmədə həmin mübahisələr üzrə işə baxılmasından ibarətdir. Qarşılıqlı iddiaya münasibətdə isə məhkəmənin icraatında artıq ilk iddia üzrə iş olduğundan bu məqsəd əhəmiyyətini itirir.
Göstərilənlərlə yanaşı, qarşılıqlı iddia üzrə məhkəməyə qədər nizamlama barədə qaydalara əməl edildiyi halda, cavabdeh həmin müdafiə vasitəsindən məhrum edilmiş olur. Belə ki, ilkin mediasiya sessiyasına sərf edilən müddətdə ilk iddianın mahiyyəti üzrə baxılması yekunlaşır və ya qarşılıqlı iddianın verilməsi üçün Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsində müəyyən edilmiş müddət bitir. Bu səbəbdən “qarşılıqlı iddia vermək hüququ” ilə “məhkəməyə qədər nizamlama vəzifəsi” toqquşduqda, mübahisələrin bir icraat daxilində tam həlli üçün hüquqa üstünlük verilməlidir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3‒4.6, 55.2, 152.1.6 və 156.1.6-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.12.2022-ci il tarixli Qərarı).

Qeyd edilməlidir ki, qarşılıqlı iddia tələblərin məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə sıx əlaqədar olduğundan, qanunvericilikdə belə iddiaların qanunla müəyyən edilmiş xüsusi aidiyyət növündən asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilməsi müəyyən edilmişdir. Qarşılıqlı iddianın ilkin iddia ilə birlikdə baxılması zərurəti Mülki Prosessual Məcəllənin 156-cı maddəsində təsbit edilmiş şərtlərdən də irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarı).

Əgər əsas iddia ərizəsi üzrə aidiyyət Plenumun Qərarı ilə müəyyən edilibsə, qarşılıqlı iddia da bu aidiyyətə uyğun olaraq eyni məhkəmədə baxılmalıdır. Bu halda, MPM-nin 35.3-cü maddəsi də tətbiq edilərək, qarşılıqlı iddianın aidiyyəti əsas iddianın aidiyyətinə uyğunlaşdırılır. Əgər qarşılıqlı iddia inzibati hüquqla bağlıdırsa, əsas iddia isə mülki hüquqa aiddirsə, bu halda müvafiq məhkəmə aidiyyəti məsələsi daha mürəkkəb ola bilər və qərarın tətbiqi ilə MPM-nin 35.3-cü maddəsi arasında uyğunluq tələb oluna bilər. Qarşılıqlı iddia ərizəsi verildikdə, əsasən Mülki Prosessual Məcəllənin 35.3-cü maddəsinə istinad etmək lazımdır. Bu maddə, qarşılıqlı iddianın əsas iddia ilə eyni məhkəmədə baxılmasını təmin edir. Əgər əsas iddianın aidiyyəti Plenumun Qərarı ilə müəyyən edilibsə, bu qərar da nəzərə alınmalıdır, lakin qarşılıqlı iddialar üçün əsas rəhbər normativ akt MPM-nin 35.3-cü maddəsi olmalıdır.

MPM-də qarşılıqlı iddiaların əsas iddia ilə bağlı olduğu hallarda onların eyni məhkəmədə baxılmasının məcburi olduğunu müəyyən edən qaydalar genişləndirilməlidir. Bu, məhkəmə aidiyyətinin daha aydın müəyyən edilməsinə və qarışıqlı iddiaların məhkəmə prosesində düzgün tətbiqinə kömək edə bilər. Qarşılıqlı iddiaların tətbiqi zamanı yaranan çətinliklərin aradan qaldırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi, Ali Məhkəmənin təlimatları, məhkəmə hakimlərinin təlimi və təcrübəsinin gücləndirilməsi, məhkəmə praktikasının vahidliyinin təmin edilməsi və yuxarı məhkəmələrin nəzarətinin artırılması zəruridir. Bu tədbirlər, hüquq subyektlərinin hüquqlarının daha səmərəli qorunmasını və məhkəmə sisteminin effektivliyini təmin edə bilər. Qarşılıqlı iddiaların aidiyyəti məsələləri ilə bağlı yuxarı instansiya məhkəmələri tərəfindən qəbul edilən qərarların dəqiqləşdirilməsi və bu qərarların hüquqi təfsirinin aydınlaşdırılması üçün apellyasiya və kassasiya qaydalarının təkmilləşdirilməsi də bu sahədəki müsbət dəyişikliyə xidmət edə bilər. Qarşılıqlı iddiaların tətbiqi ilə bağlı məhkəmələrin qarşılaşdığı problemləri aradan qaldırmaq üçün Ali Məhkəmə tərəfindən məhkəmələrə aidiyyəti məsələləri və qarşılıqlı iddiaların icraata götürülməsi ilə bağlı, həmçinin MPM-nin 35.3-cü maddəsinin düzgün və vahid təfsiri təmin edilməklə xüsusi təlimatlar verilməsini məqsədəuyğun hesab etmək olar. Bu təlimatlar, məhkəmələrin eyni hüquqi məsələləri müxtəlif şəkildə təfsir etməsinin qarşısını ala bilər.

Beləliklə, qarşılıqlı iddia ərizəsinin icraata qəbulu zamanı aidiyyətlə bağlı məhkəmədə müzakirə aparılarkən, məhkəmə aidiyyətini müəyyən edən qanunun imperativ normasının əsas götürülməsi vacibdir.

Əfqan Orucov

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər