Bu ölkədə meymun çiçəyinə görə fövqəladə vəziyyət elan edildi

Qərbi Afrika ölkəsi Sierra Leonedə meymun çiçəyi virusu ilə əlaqədar olaraq fövqəladə vəziyyət elan edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Ostin Dembi məlumat verib.

Onun sözlərinə görə, yanvarın 11-də ölkədə ilk dəfə meymun çiçəyi xəstəliyi aşkar edilib. Belə ki, 2 nəfər bu virusa yoluxub. Bundan sonra hökumət təcili tədbirlər görülməsi barədə qərar qəbul edib. 

Qeyd edək ki, meymun çiçəyi virusu siçan və dələ kimi gəmirici heyvanlardan və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun yaratdığı bədən səpgilərinə toxunmaq, çirklənmiş paltar, çarşaf, dəsmal və buna bənzər əşyalardan istifadə etmək yoluxmanın ən mühüm səbəblərindəndir. İlk simptomlar virusa yoluxduqdan 5-21 gün sonra görünə bilər. Virus adətən yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, titrəmə dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur. Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.

Şəbnəm Mehdizadə