Son günlər yayılmış virusdan necə qorunmaq olar?

Hər il qış aylarının başlaması ilə əhali arasında kəskin respirator virusları geniş yayılmağa başlayır. Son günlərdə xüsusilə uşaqlar arasında yüksək temperaturla müşahidə olunan qripəbənzər virus xəstəlikləri müşahidə olunur. Təəssüf ki, artıq virusdan ölüm hallarının baş verməsi barədə məlumatlara da rast gəlinir.  Qızdırma, öskürək və boğaz ağrısı ilə müşahidə olunan virusun ev şəraitində müalicə üsulunun işə yaramadığı bildirilir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında bir sıra vacib məqamlara toxunub.

O bildirib ki, hər il noyabr-mart aylarında əhali arasında yuxarı tənəffüs yollarının infeksiyası geniş yayılır: "Bütün dünyada illərdir ki, eyni proses təkrar olunur. Virus infeksiyaları ilə insanın xəstələnməsi əslində immun sisteminin həmin xəstəliklərə qarşı hazırlıqlı olmasına kömək edir. İnsan orqanizmi digər xarici mühit amillərindən nə qədər qorunarsa, virus infeksiyalarına qarşı müqaviməti bir o qədər aşağı olur. Buna görə də, əslində kəskin respirator infeksiyaları immun sisteminin inkişafı üçün vacibdir və təbiət tərəfindən yaradılan mexanizmdir”. 


Depuatat deyib ki, xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün bir sıra vacib tədbirlər görülməlidir: “Burada əsas məsuliyyət valideynlərin, tibb və təhsil müəssisələrinin üzərinə düşür. Əgər bir məktəbdə hansısa sinifdə respirator infeksiyalara yoluxan uşaqların sayı artıbsa, orada dezinfeksiya tədbirləri gücləndirilməlidir. Müxtəlif qoruyucu vasitələrdən, tibbi maskalardan istifadə etmək mütləqdir. Virusa yoluxan uşaqları məktəbə göndərmək olmaz. Həmin uşaqların ambulator, lazım olarsa, stasionar müalicəsi aparılmalıdır ki, ağırlaşma halları olmasın”.

M.Məmmədlinin fikrincə, sərt karantin rejiminə hələlik ehtiyac yoxdur: “Hazırda Azərbaycandakı vəziyyət digər tədbirlərin görülməsinə ehtiyac olmadığını göstərir. Azərbaycanda COVID-19-la bağlı karantin rejimi tətbiq edilir. Bununla əlaqədar dövlət tərəfindən əks-epidemik tədbirlər görülür. Əhalidən tələb olunan isə şəxsi gigiyena qaydalarına riayət etməkdir. Səhiyyə Nazirliyi bu yaxınlarda vətəndaşlara mövsümi qrip infeksiyalarına qarşı peyvənd olunmaqla bağlı çağırış etdi. Virusun geniş yayılmasının qarşının alınması üçün tədris prosesinin onlayn rejimə keçməsi barədə səsləndirilən fikrirlərə gəlincə isə, düşünürəm ki, buna ehtiyac yoxdur. Çünki ciddi epidemik vəziyyət müşahidə olunmur”.

Şəbnəm Mehdizadə