- 16:58 | 07.01.2025
- Məhkəmə
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sadiq Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Kamran Muxtarovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 21-nə təyin olunub.
Qeyd edək ki, hadisə Xəzər rayonu Zirə qəsəbəsində qeydə alınıb. Abdullayev Sadiq İlham oğlu etibarnaməsi və sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada Məmmədova Çimnaz Atamoğlan qızını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. S.Abdullayevə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə