Dayısının evindən oğurluq edən 15 yaşlı oğlan: "Borca görə elədim"

Astarada evdən qızıl-zinyət əşyaları oğurlamaqda təqsirləndirilən yeniyetmələr Azad Osmanov və Nicat Əliyevin (ad və soyadlar şərtidir) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Astara rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxslərin hər ikisi 2009-cu il təvəllüdlüdür.  Azad Nicatı təxminən 5 ildən artıq müddətdir ki, tanıyır. Azad Astarada, Nicat isə Lənkəranda yaşayır. Astaraya gəldiyi gündən bəri Nicat Azadgilin evində qalıb. Təxminən 2 ay əvvəl Bakı şəhərində işlədiyi avtoyuma məntəqəsinin yanındakı restoranda işləyən Kənan adlı şəxsdən 150 manat miqdarında borca pul alıb. Həmin şəxs 150 manat pulu sentyabr ayında geri alacağını bildirib. O, isə borcunu qaytara bilməyib. Azad Nicatla ilə birlikdə görüşüb dayısı Bağır Əliyevin evinin qarşısında oturublar. Nicat ilə məsləhətləşib pulu necə verəcəyini danışan zaman, dayısıgilin evində bəlkə satmaq üçün bahalı bir əşyasının olacağını yaxud pul olacağını deyib. Nicat da ona başqa yollarının olmadığını deyib. O, evə daxil olaraq otaqdakı dolabdan 2 ədəd qızıl üzük və 2 ədəd klon götürüb. Nicat isə kiminsə gəlib-gəlməyəcəyinə baxmaq üçün evin həyətində gözləyib.

Hadisədən sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar polis əməkdaşlarına hər şeyi səmimi şəkildə etiraf ediblər.

Təqsirləndirlən şəxslər məhkəmədə oğurluğu borclarını qaytarmaq üçün etdiklərini, başqa heç bir cinayət hadisəsi törətmədiklərini bildiriblər. Daha sonra təqsirləndirilən şəxslər peşman olduqlarını, bir daha belə hallara yol verməyəcəklərini, ziyanın tam ödənilməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər. 

Sonra hakim Bəxtiyar Məmmədov hökmü elan edib. Hökmə əsasən, onların hər ikisi Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli biliniərək 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Şəbnəm Mehdizadə