Azərbaycan gəmilərinin saxlanılmasının detalları məlum oldu

“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı Gəmilərin Eritreya dövlətinin ərazi sularında saxlanılması ilə bağlı açıqlama yayıb.

E-huquq.az xəbər verir ki, açıqlamada deyilir:

"Məlumat üçün bildiririk ki, “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşmüş və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd edək ki, gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranmış və bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq gəmilərə hər bir gəmiyə 2 nəfər olmaqla hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilmişdir.

07.11.2024-cü il tarixdə gəmilər Eritreya dövlətinin dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreya dövlətinin ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verilmişdir və gəmi kapitanları tərəfindən ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalq kanalı vasitəsilə əlaqə saxlanılmasına çalışılmış, lakin cavab alınmamışdır.

Noyabrın 7-si yerli vaxtla saat 10:06 radələrində gəmidən əldə etdiyimiz hesabata əsasən, yuxarıda adı çəkilən hər üç gəminin 13°23'N, 042°39'E koordinatlarında Eritreya hərbi donanması xidməti tərəfindən saxlanıldığı məlum olmuşdur. Belə ki, Eritreya hərbi donanması xidmətinin tələblərinə uyğun olaraq gəmilər hərəkət kursunu dəyişərək Eritreya hərbi donanmasının təyin etdiyi məntəqəyə gəlmişlər və lövbərə dayandıqdan sonra hərbi donanmanın nümayəndələri tərəfindən yoxlama prosesinə cəlb edilmişlər.

Qeyd edək ki, sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

Qeyd olunan məsələ ilə əlaqədar kapitanlar tərəfindən məlumat daxil olan kimi şirkətimiz tərəfindən elə həmin gün, 07.11.2024-cü il tarixdə Dövlət Dəniz və Liman Agentliyinə rəsmi qaydada müraciət edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müvafiq qaydada müraciətlər olunmuş və məsələnin həlli ilə əlaqədar adı çəkilən qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində bütün işlər görülmüşdür.

Eyni zamanda qeyd edək ki, gəmilərin sığortalanmasını həyata keçirən sığorta şirkətinin səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquq şirkətlərinə də müvafiq müraciətlər edilmiş və məsələnin həllinin tezləşdirilməsi üçün adı çəkilən təşkilatlar da əməkdaşlığa cəlb edilmişdir.

Aparılan danışıqların nəticəsi olaraq, Eritreya dövlətinin müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkətimiz tərəfindən səlahiyyətli nümayəndələr təyin edilmişdir və qeyd edək ki, hazırda yoxlamanın yekunlaşması və gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir.

Qeyd edək ki, şirkətin səlahiyyətli nümayəndələri heyət üzvləri ilə daim sıx əlaqədədir və heyətin ərzaq təchizatı, eləcə də digər təchizat məsələlərində hər hansı problem mövcud deyil. Həmçinin, heyət üzvlərinin öz yaxınları ilə vaxtaşırı əlaqə saxlaya bilməsi üçün bütün texniki imkanlar şirkət tərəfindən təmin edilmişdir".