Şaiq Mirzəyev: "Azərbaycan vəkilliyi beynəlxalq aləmdə də böyük nüfuz qazanıb"


"28 dekabr tarixi biz vəkillər üçün olduqca əlamətdar bir gündür. Bu gün Azərbaycan vəkilləri peşə bayramını qeyd edirlər. Məlum olduğu kimi, cənab Prezident İlham Əliyevin 25 dekabr 2019-cu il tarixli Sərəncamı ilə hər il dekabrın 28-nin ölkəmizdə "Vəkil Günü" peşə bayramı kimi qeyd edilməsi qərara alınıb".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev deyib.

O bildirib ki, son illər vəkillik sahəsində aparılan uğurlu islahatlar nəticəsində bu peşənin nüfuzu artıb: "Vəkillik institutu müstəqil hüquqi təsisat kimi həqiqətən də böyük nüfuza malikdir. Vəkillər ədalət mühakiməsinin həyata keçirilməsində, insan hüquqlarının qorunmasında mühüm rol oynayır. Hörmətli sədrimiz Anar Bağırovun rəhbərliyi ilə ölkəmizdə vəkillik institutu daha da möhkəmlənib. Son illərdə bu sahədə mühüm irəliləyişlərə nail olunub. Bunu vəkillərin sayının artmasında da görə bilərik. Əvvəllər başqa hüquq peşələrinə maraq böyük idisə, bu gün hüquqşünas gənclərin əksəriyyəti məhz vəkil olmaq arzusundadır. Vəkilliyə qəbul olunanların əksəriyyətinin gənc hüquqşünaslar olması bunu deməyə imkan verir. Biz cəmiyyətdə də vəkillərə münasibətin müsbət mənada dəyişdiyini, bu peşə sahiblərinə olan inamın artdığını görürük".

Ş.Mirzəyev deyib ki, Azərbaycan vəkilliyi beynəlxalq aləmdə də böyük nüfuz qazanıb: "Vəkillər Kollegiyasının beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində əldə etdiyi nailiyyətlər göz qabağındadır. Bu gün Kollegiya bir çox beynəlxalq vəkil təşkilatlarının üzvüdür. Vəkillərimiz mühüm əhəmiyyətli beynəlxalq tədbirlərdə təmsil olunurlar. Bu, aktual hüquqi məsələlərin müzakirəsində iştirak etməklə yanaşı, ölkəmizin haqlı mövqeyinin diqqətə çatdırılmasına da imkan yaradır".

Ş.Mirzəyev ölkəmizdə vəkilliyin nüfuzunun artırılması istiqamətində tədbirlərin bundan sonra da uğurla davam edəcəyinə əminliyini vurğulayıb: "Vəkillər Kollegiyası hər bir vətəndaş keyfiyyətli hüquqi yardıma çatımlığını təmin etmək üçün əlimdən gələni edir. Bütün bu tədbirlərin əsas hədəfi vətəndaş məmnunluğunun artırılması ilə bağlıdır".

O, sonda 28 dekabr - "Vəkil günü" münasibətilə həmkarlarını təbrik edib: "Başda Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov olmaqla, bütün həmkarlarını təbrik edir və fəaliyyətində uğurlar arzulayıram".

Şəbnəm Mehdizadə