Avtovağzal müdirinin öldüyü yol qəzası ilə bağlı məhkəmə başlayır

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Asif İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib.

Hakim Rahid Mehdiyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə rayonun Bakı prospektində, rayon avtovağzalının qarşısında baş verib. Belə ki, rayon sakini, 35 yaşlı sürücü İsmayılov Asif Ziyad oğlu özünə məxsus “Ford” markalı mikroavtobusla arxa tərəfə hərəkətdə olarkən rayon sakini, 66 yaşlı İsrafilov Rasim Ağa oğlunu vurub. Ağır bədən xəsarətləri alan yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Rasim İsrafilov uzun illərdir Kürdəmir rayon avtovağzalının müdiri vəzifəsində çalışırdı.

Şəbnəm Mehdizadə