Baş prokurorun böyük köməkçisi beynəlxalq tədbirdə iştirak edib

Prokurorluq orqanları tərəfindən cinayət təqibi ilə bağlı xarici təcrübənin öyrənilməsi, bu sahədə fəaliyyətin səmərəliliyinin artırılması və əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluğun Mətbuat Xidmətindən e-huquq.az-a verilən məlumata görə, cari ilin 14-15 noyabr tarixlərində Avstriya Respublikasının paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən Beynəlxalq Tolerantlıq Günü ilə bağlı illik Nifrət Cinayəti Hesabatı təqdim olunub.

ATƏT-in üzvü olan 40-dan çox ölkənin milli əlaqələndirici şəxslərinin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun böyük köməkçisi Vüsal Əliyev təmsil edib.

Tədbirdə nifrət cinayətləri qanunvericiliyi, nifrət cinayətlərinə qarşı mübarizə və bu sahədə məlumatların toplanması ilə bağlı mövcud təcrübə barədə geniş məlumat verilib, digər ölkələrin müvafiq sahədə təcrübəsi öyrənilmiş və mövzu ətrafında müzakirələr aparılıb.