Həbsdə olan sayt rəhbəri ittihamları rədd etdi

"İdeal” saytı və eyni adlı partiyanın rəhbəri Nazim Quliyevin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.
 
E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs sərbəst ifadə verib.

Nazim Quliyev ona qarşı sürülmüş ittihamları rədd edib: "Mənə qarşı sürülmüş ittihamlar iftiradır, böhtandır. Mən 5 epizodun hamısını rədd edirəm".

O, zərərçəkmişlər haqqında bildiklərini danışıb: "Mən və Natiq Zeynalov qonşuyuq. Bizim aramızda torpaq və yol ilə bağlı problem olub. Mən onu Abşeron Rayon Məhkəməsinə vermişəm. Bundan sonra heç vaxt əlaqəmiz olmayıb. Bununla bağlı audio və video sübutlarım da var. Ondan əsla pul istəməmişəm. Onu zərərçəkmiş kimi görmürəm. Mən ona hörmətimi bəyan edirəm. O mənim anama ana deyib, özü mənə qardaş kimidir. Mən bu cinayəti törətməmişəm. 

Həsənov İftixar adlı şəxsi ilk dəfədi görürəm. Onunla heç vaxt əlaqəmiz olmayıb. Ondan pul istəməmişəm. Müstəntiq mənim ofisimdə axtarış aparan zaman onunla bağlı dosye tapıb. Zərərçəkmişin yoldaşı Məleykə tibb bacısı olub. Onunla bağlı xəbər "İdealMedia" saytında yayılmayıb və ya şantaj olunmayıb. Kartıma da pul göndərdikləri iddiası yalandır.

Sülfəddin Şirinov epizodu isə ümumiyyətlə absurddur. O ifadəsində deyir ki, milli qəhrəman Tahir Həsənov adına 23 nömrəli məktəbdə ofisimdə mənə pul verib. Belə bir şey mümkün ola bilməz. Orda ofisimin olmağı mümkün deyil. Onun oğlu məhkum olunub. Fiziki qüsurlu şəxsdir. Mən ona məhkum həyatında kömək etmişəm. Bu şəxslə öz avtomobilimlə görüşmüşük. Aramızda borc məsələsi olub. İmzalı müqavilə ilə borcu bağlamışıq. Onlar kasıb ailə olublar. Mən sadəcə kömək etmişəm. 

İlahə İlyasovaya isə hüquqi yardım göstərmişəm. Çünki mənim ixtisasın hüquqşünasdır. Ofisimə gəldi, ağladı xahiş etdi ki, evim yoxdu. Daha sonralar ev baxmağa gedəndə təklif etdim ki, anamın yanında qalsın. Həm yardım etsin, həm də bir evi olsun. 5 ay bizimlə qalıb. Sonra tanışlarım mənə zəng edib bildirdilər ki, o dələduzluqla məşğuldur. Dəfələrlə banklara, vətəndaşlara, şəhid ailələrinə qarşı bu əməli törədib. Anam da demişdi ki, telefonda danışarkən nalayiq ifadələr işlədir. Mən də onları evdən çıxarmaq məcburiyyətində qaldım. O iddia edib ki, mən onun bankdan pul götürməyinə mane oluram. Bu da yalandır. İlhaməyə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb. Hazırda onu Nərimanov Rayon Məhkəməsində cinayət işi üzrə məhkəməsi davam edir. Nə onun, nə də anasının mənimlə telefon əlaqəsi olmayıb. Mən bu epizoduda qəbul etmirəm.

Cəfərov Cəlaləddinin oğlu Rəşad Cinayət Məcəlləsinin  234.1.1 maddəsi ilə məhkum olunub. Məndən kömək istəyiblər. Mən də kollegiyaya yönləndirmişəm. Aidə xanımla vəsatət bağlayıb. O, onun vəkili kimi fəaliyyət göstərib. 2000 manat pul verib. Mən anlamıram, necə olur ki, 2 min manatla bağlı yazışmalarım var, amma 3 min manatla bağlı yoxdur. Hətta mən onun oğlu ilə bağlı apellyasiya çəhkəməsinə özüm ərizə vermişəm.

Mənə pis təsir edən odur ki, pislik elədiklərimdən heç kim bugün mənə qarşı ittiham irəli sürməyib. Mənə şər atanlar ancaq yaxşılıq elədiklərimdir". 

N.Quliyev əlavə edib ki, Bakı Apellyasiya Məhkəməsinin qarşısında maşınında olarkən Bakı Şəhər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona ilkin ittiham Ramin Cavadovun şikayəti ilə bağlı verilib.

Siyasi partiyasının qeydiyyatdan keçirilməsi üçün də müraciət edib.

Zərərçəkmişlərin dindirilməsi üçün iclas 13 dekabra təxirə salınıb.

Qeyd edək ki, Nazim Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə); 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törədildikdə); 182.2.2 (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) və 182.2.4 (hədə-qorxu ilə tələb etmə - xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə İftixar Həsənov, Səlfəddin Şirinov, Natiq Zeynalov, İlahə İlyasova və Cəlaləddin Cəfərov zərərçəkmiş qismində tanıdılıb.

Nazim Quliyev 2009-cu ildə rüşvət, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunaraq 13 il müddətinə azadlıqdan məhrum edilib. O, 2020-ci ildə vaxtından əvvəl azadlığa buraxılıb.

Orxan Rasifoğlu