Narkotik qaçaqmalçılığında təqsirləndirilən dəstənin istintaqı başa çatdı

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Xalid İsgəndərov, Xəyyam Əsədov və Elman Yusifovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Cəlil Nəbiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxrı hələlik məlum deyil.

Qeyd edək ki, adıçəkilən şəxslər qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə narkotik vasitələr gətirməkdə təqsirləndirilir. Onlardan 1 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik kokain və 3284 ədəd ekstazi həbi aşkar olunub. Həmin narkotiklərin Cənubi Amerika ölkələrindən Avropaya, oradan isə tranzit yolla Azərbaycan ərazisinə gətirildiyi müəyyən edilib. Belə ki, beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olan “TIR” sürücüsü Elman Yusifovun bu işdə rolu narkotikləri ölkəyə keçirmək, Xəyyam Əsədovun vəzifəsi həmin narkotikləri sərhədyanı zonalardan götürərək Xalid İsgəndərova çatdırmaq, sonuncunun fəaliyyəti isə narkotik vasitə olan kokainin və ekstazi həblərinin Bakı şəhərində satışını təşkil etmək və əldə olunan “çirkli” pulları ölkə xaricinə çıxarmaq olub.Hər 3 şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə