Kafedə 50 manata görə dostunu bıçaqlayan şəxsə şərti cəza verildi

Gəncədə çay evində dostunu bıçaqlamaqda təqsirləndirilən İslam Quliyevə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3  il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunan cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Qeyd edək ki, hadisə Gəncə şəhəri, Sovxoz Nizami adlanan ərazidə Ü.Hacıbəyov küçəsində yerləşən “Taxtalı” çay evində baş verib. Sərxoş vəziyyətdə olan İslam uşaqlıq dostu və qonşusu olan Rəsuldan ona verdiyi 50 manat borcu geri qaytarmasını tələb edib. Bu zaman onların arasında mübahisə yaşanıb. İslam üzərində olan cib bıçağı ilə zərərçəkmiş şəxsin ayağına zərbə vurub. Bundan sonra Rəsuldan qan axdığını görüb ona köməklik edərək taksi ilə xəstəxanaya aparıb.

İslam məhkəmədə ifadə verərkən törətdiyi əməldən peşman olduğunu, qarşı tərəflə barışsa da,  onun üzünə baxa bilmədiyini deyib. O, məhkəmədən ona həbslə bağlı olmayan cəza verilməsini istəyib.

Şəbnəm Mehdizadə