- 14:11 | 20.11.2023
- Məhkəmə
Cəza ictimai və əxlaqi mahiyyət kəsb etdiyindən onun anlayışının özü belə fəlsəfi mahiyyətə sahibdir. Necə ki, Hegel deyib: “Hüquqşünaqslıq-fəlsəfənin tərkib hissəsidir.”
Məhkəmə təqsirləndirilən şəxsə hansı cəza növlərinin təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıra ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur.
Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir.
Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir.
Müəyyən formada təşəkkül tapmış olan hüquqi düşüncə hakimlər tərəfindən müəyyən faktların həm hüquqi, həm də əxlaqi məzmununu dərk etmələri və qiymətləndirilmələri üçün düzgün yanaşmanın güclü vasitəsidir. Hüququn fəlsəfəsi cinayət və cəza institutuna onun ümumsosial mexanizmdə yeri və rolu, etik normalar, mənəvi və əxlaqi dəyərlər baxımından onun hüquqi təbiətinə haqq qazandırmaq və ya qınamaq kontekstində baxır. Çünki mövcud cinayətkarlıq və cəza fəlsəfəsinin ümumi ana ruhunun mahiyyəti ondan ibarətdir ki, pozulmuş hüquq onun törədilməsi nəticəsində verilmiş qisasla yəni, cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırmaqla özünü bərpa edə bilər. Qisas nəzəriyyəsinin tərəfdarlarının (Hegel, Kant, Lombrozo) mistik təfəkkürünün əsaslarında da, hökm sürən müddəa ondan ibarətdir ki, cinayət varsa cəza olmalıdır. Lakin cinayətin olmadığı yerdə verilmiş məsuliyyət və tətbiq edilən cəza ədalət kimi fundamental bir institutun məhvi və sarsılması ilə nəticələ bilər. Tətbiq edilən məsuliyyət və cəza törədilmiş əmələ münasibətdə islah vasitəsidir, lakin həmin islah vasitəsi ki, alacağımız nəticə də ondan asılıdır. Təqsiri olmayan şəxsə “Potensial cinayətkar” konteksti ilə və ya 1882-ci ildə Fransada bərqərar olmuş “Anadangəlmə cinayətkar” cinayət hüquqi məktəbinin şərtləri ilə yanaşıb məsuliyyətə cəlb edilərək cəzalandırılması kimi ədalətsiz davranış həmin şəxsin bütünlükdə dövlətimizdə məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin şəffaf, ədalətli və obyektiv fəaliyyətini kölgə altına almış olar və qeyd edilən hallarla bağlı neqativ narazı düşüncələr formalaşdıra bilər. Qeyd edilənlərə əsasən ədalət institutu sarsılmadan fəaliyyət göstərməli və hər kəs onun təsdir və gücünü hiss etməlidir. təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir.
Təqsirkara verilən bütün zəmanətlər də məhz ədalət institutundan bəhrələnir. Məhz bu səbəbdən də Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsinə yönəlməlidir və Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.
Elsun Əhmədov
Bərdə Rayon Məhkəməsinin hakimi