- 17:35 | 08.01.2025
- Məhkəmə
Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Adil Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
E-huquq.az-ın məluatına görə, Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirliyinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Əliyev 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin may ayında Nizami rayonu ərazisində baş verib. Belə ki, Adil Əliyevin idarə etdiyi "UAZ" markalı avtomobil "Altun Saray" restoranının qarşısında yol kənarında dayanmış "Mercedes Benz E270"" markalı avtomobilə çırpılıb.
Nəticədə taksi fəaliyyəti ilə məşğul olan "Mercedes Benz E270"" markalı avtomobiin lsürücüsü Asif İsmayılov hadisə yerində ölüb.
A.Əliyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
A.Əliyev şirkətlərdən birində sürücü vəzifəsində çalışırmış. Qəza zamanı idarə etdiyi maşın da həmin şirkətə məxsus olub.
A.Əliyev məhkəmədə ifadəsində deyib ki, saat təxminən 15 radələrində "Koroğlu" metrostansiyasından Nizami rayonu "Altun Saray" şadlıq evi istiqamətində hərəkətdə olan zaman qəfildən onu yuxu tutub və bir neçə saniyə sonra "Altun Saray" şadlıq evi ilə üzbəüz yolda parkalanmış halda dayanmış “Mercedes Benz 270” markalı avtomobilin üzərinə doğru hərəkət etməsini görüb. O, əyləci basmağa çalışsa da, qəfildən “Mercedes Benz 270” markalı avtomobilin sol yan hissəsindən idarə etdiyi “UAZ” markalı avtomobilin ön hissəsi ilə vurub. Həmin vaxt ‘‘Mercedes Benz 270” markalı avtomobil zərbənin təsirindən yolun hərəkət hissəsinə düşüb, idarə etdiyi avtomobil isə yolun kənarında bardyora, daha sonra isə ağaclara dəyərək dayanıb. O hadisənin şokundan ayılıb avtomobildən düşüb və “Mercedes Benz 270” markalı avtomobildə olan bir nəfər şəxsin maşının içərisində ölmüş vəziyyətdə qalmasının şahidi olub.
O, zərərçəkənin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş tərəfin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edib..
Zərəçəkmişin hüquqi varisi isə təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansısa şikayət və tələbi olmadığını deyib. Qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını məhkəmədən xahiş edib.
Şəbnəm Mehdizadə