Babasını qayçı ilə vuran nəvə barədə qərar verildi

Xırdalanda qayçı ilə babasına xəsarət yetirməkdə təqsirləndirilən Murad İsmayılovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə tərəflər arasında barışıq əldə olunduğu məlum olub.

18 yaşlı M.İsmayılov 2010-cu ildə atası ilə anası rəsmi şəkildə boşandıqdan sonra qardaşı ilə birgə babası Nazim və nənəsi Nigarla birlikdə yaşadıqlarını söyləyib. Onun sözlərinə görə, hadisə baş verən gün babası özünə məxsus “Hyundai Accent” markalı avtomobilinin açarını axtarmağa başlayıb və tapa bilmədiyi üçün açarın onun tərəfindən götürdüyünü zənn edib əsəbi halda açarı nə səbəbəgötürdüyünü soruşub. O, babasına açarın onda olmadığını bildirərkən babası Nazim əsəbiləşib üzərinə gəlib və bu zaman onu vuracağından qorxub evin qonaq otağında olan dolabın üzərindəki qayçını götürüb babasını qorxutmaq istəyərkən sol əlinə vuraraq xəsarət yetirib. Daha sonra isə evdən çıxıb gedib. Sonradan babası ilə barışıb. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir.

Zərərçəkmiş şəxs də ifadəsində göstərib ki, təqsirləndirilən şəxs onun nəvəsidir. Deyib ki, Muradla aralarında heç bir ədavət və düşmənçilik münasibətləri olmayıb. 2010-cu ildə oğlu ilə gəlini rəsmi şəkildə boşandıqdan sonra nəvəsi onun himayəsinə verilib. Hadisə baş verən gün səhər saatlarından başlayaraq “Hyundai Accent” markalı avtomobilinin açarını axtarıb, nəvəsi Murad çox vaxtı açarı götürüb avtomobili idarə etdiyi üçün açarın onda olduğunu zənn edib. Murada açarı qaytarmağı bildirib, saat 20 radələrində Murad yüksək səslə açarın onda olmadığını bildirərkən aralarında mübahisə düşüb. Bundan sonra Muraddan onunla yüksək tonla danışmamağını bildirən zaman Murad qonaq otağında olan dolabın üzərindəki qayçını götürüb onun sol qoluna xəsarət yetirib. O, nəvəsi ilə barışdığını, ondan şikayətçi olmadığını deyib.

 Hakim Vaqif Həsənovun sədrliyi ilə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, M.İsmayılov Cinayət Məcəlləsinin-nin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı işi üzrə icraata xitam verilib.

Şəbnəm Mehdizadə