Əmisini yaba ilə vuran məktəbliyə bu cəza verildi

Bakıda əmisinə xəsarət yetirməkdə təqsirləndirilən İlkin Kərimov (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmədovanın sədrliyi ilə keçirilən iclasda hökm xounub.

Hökmə əsasən, İ.Kərimov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən 500 manat miqdarında cərimə cəzasına məhkum edilib.

Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, İ.Kərimovun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayəti törədərkən yetkinlik yaşına çatmadığını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edib ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.

Qeyd edək ki, İ.Kərimov Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşadıqları evin qarşısında əmisi Kərim Kərimov onu və anasını nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əlində olan yaba ilə vuraraq sonuncuya xəsarətlər yetirib. 

2008-ci il təvəllüdlü İ.Kərimov paytaxtda yerləşən orta təhsil müəssisələrindən birinin 11-ci sinif şagirdidir.

Şəbnəm Mehdizadə