- 11:25 | 23.11.2024
- Maarifləndirmə
Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli qərarı ilə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısından çıxarılması qaydaları müəyyənləşdirildi.
Azərbaycan Respublikasının Nazirlər Kabineti, 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarına dəyişiklik edərək, vergi ödəyicilərinin riskli vergi ödəyicilərinin siyahıya daxil edilməsi və çıxarılması proseslərini daha da aydınlaşdırıb. Yeni tənzimləmələrə əsasən, artıq riskli vergi ödəyicilərinin siyahısına daxil edilməklə yanaşı, onların siyahıdan çıxarılma qaydaları da müəyyənləşdirilib. Əvvəlki qərarda yalnız riskli vergi ödəyicilərinin siyahıya daxil edilməsi barədə məlumatlar yer alırdı, ancaq siyahıdan çıxarılma proseduru, müraciətlərin qiymətləndirilməsi və məhkəməyə müraciət kimi hallara dair heç bir qayda mövcud deyildi.
İndi isə Nazirlər Kabinetinin 21 noyabr 2024-cü il tarixli qərarı ilə qəbul edilən dəyişikliklərdə bu məsələlərə də yer verilib və qərarın adı dəyişdirilərək “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” olaraq təsdiq edilib. Bu yeni düzəlişlər, vergi ödəyicilərinin hüquqlarını daha şəffaf və mükəmməl qorumağa xidmət edəcək.
Vergi ödəyicisinin riskli vergi ödəyicisi elan olunması.
Yeni dəyişikliklərə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur:
1. Təqdim edilməsi müvafiq iqtisadi resurs tələb edən (təsərrüfat obyekti, işçi qüvvəsi, əsas vəsaitlər, xammal-material ehtiyatları və fəaliyyət növünün xüsusiyyətləri nəzərə alınmaqla digər iqtisadi resurslar) iş və xidmətləri bu növ resurslar mövcud olmadan və ya mövcud resursları yetərli olmadan, yaxud subpodratçı cəlb etmədən təqdim edən şəxs;
Bu uyğunsuzluqlara misal olaraq:
Şirkət yeni tikinti layihəsi həyata keçirir, amma onun tikinti üçün lazımlı ofis və istehsalat sahəsi yoxdur. Yəni, fəaliyyətin həyata keçirilməsi üçün təsərrüfat obyekti (məsələn, tikinti üçün anbar və ya idarəetmə binası) mövcud deyil.
İstehsal müəssisəsi yüksək ixtisaslı mühəndis və texnoloji mütəxəssisləri tələb edir, amma bu işləri görəcək kadrlar mövcud deyil. Şirkət bu sahədə işçi qüvvəsi təmin etmədən istehsal prosesini davam etdirir.
Şirkət yeni məhsul istehsal etməyə başlayır, lakin istehsal üçün lazım olan avadanlıqlar (məsələn, maşın və cihazlar) hələ alınmayıb. Şirkət bu əsas vəsaitlər olmadan istehsal prosesini həyata keçirir.
Qida istehsalı müəssisəsi yeni məhsul istehsal etməyə qərar verir, amma lazımi xammal (məsələn, un, şəkər və digər tərkib hissələri) mövcud deyil. Şirkət bu xammal ehtiyatları olmadan istehsal prosesinə başlayır.
Şirkət öz xidmətlərini təqdim etmək istəyir, amma fəaliyyət növünün xüsusiyyətlərinə uyğun olaraq lazım olan xüsusi icazə və lisenziyalara malik deyil. Məsələn, tibb sahəsində fəaliyyət göstərmək istəyən bir müəssisə, tibbi lisenziyası olmadan xəstəxana xidmətləri göstərməyə başlayır.
Qaydalara əsasən, bu kimi hallara qiymət vermək üçün araşdırma aparan orqan mütəxəssis və ekspert rəyləri ilə məsələyə hüquqi qiymət verəcəkdir.
- qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş elektron qaimə-faktura, malların alış aktı və yük gömrük bəyannamələri (idxal olunan mallara münasibətdə) əsasında əldə edilməyən malları (əvvəllər keçirilmiş operativ vergi nəzarəti və ya səyyar vergi yoxlaması zamanı sənədsiz mal kimi rəsmiləşdirilən mallar, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar, istehsal zamanı əldə edilən (söküntüdən, hasilatdan) mallar və əsas vəsaitlər, o cümlədən nizamnamə kapitalına qoyulmuş əsas vəsaitlər istisna olmaqla) təqdim edən şəxs;
Misal. “A” müəssisəsinin idxalında və alışında tikinti materialları olmadığı halda il ərzində “B” müəssisəsinə 50.000 manatlıq tikinti materialı təqdim etmişdir. Qeyd edilmiş uyğunsuzluq yuxarıda qeyd edilmiş bəndə əsasən vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına düşməsinə səbəb olacaqdır.
- Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən əmtəəsiz əməliyyatlar aparan şəxs.
Vergi Məcəlləsinin 13.2.81-ci maddəsi : əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar.
Vergi Məcəlləsinin 13.2.82-ci maddəsi: riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. ergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)(Dövlət Vergi Xidməti) tərəfindən qəbul edilir.
Yuxarıda göstərilən meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildiriş-xəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildiriş-xəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur.
Bildiriş-xəbərdarlıq göndərildikdən sonra 5 (beş) iş günü ərzində qeyd olunan hallar bütövlükdə aradan qaldırılmadıqda, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə faktura ləğv edilmədikdə, habelə tələb olunan əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər təqdim edilmədikdə Dövlət Vergi Xidməti tərəfindən vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilərək 1 (bir) iş günü ərzində elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilir və əmtəəsiz əməliyyatla bağlı Vergi Məcəlləsinin 58.15-1-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyası tətbiq edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar həmin qərarın qəbul edilməsinə əsas olan əməliyyatın aparıldığı tarixdən qüvvəyə minir.
Vergi Məcəlləsinin 58.15-1-ci maddəsi: Vergi nəzarəti tədbirləri ilə əmtəəsiz əməliyyatlar çərçivəsində riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
58.15-1.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 10 faizi miqdarında;
58.15-1.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 20 faizi miqdarında;
58.15-1.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə aparılmış əmtəəsiz əməliyyatın məbləğinin 40 faizi miqdarında.
Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması:
Aşağıdakı hallarda vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilir:
Vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə.
Aparılmış əmtəəsiz əməliyyata münasibətdə riskli vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə.
Vergi ödəyicisi riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə elektron ərizə ilə vergi orqanına müraciət edə bilər. Ərizə daxil olduğu tarixdən etibarən 20 iş günü müddətində vergi orqanı tərəfindən baxılaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması və ya bundan imtina olunması barədə qərar qəbul edilir və 1 (bir) iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir.
Vergi Məcəlləsinin 58.15-1-ci maddəsində nəzərdə tutulmuş maliyyə sanksiyası tam həcmdə ödənildikdə isə elektron ərizənin daxil olduğu tarixdən 3 (üç) iş günü müddətində vergi ödəyicisinin aparılmış əməliyyat üzrə riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilir və 1 (bir) iş günü müddətində vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Maliyyə sanksiyasının tam ödənilməməsi vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılmaması üçün əsasdır.
Vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılmaması barədə qərar mahiyyət etibarilə inzibati akt hesab olunduğundan, bu qərar vergi ödəyicisinə qanuni formada çatdırıldığı tarixdən 30 gün ərzində müvafiq inzibati məhkəmələrdə mübahisələndirilə bilər.
Şulan Nağıyev
Vəkillər Kollegiyasının üzvü