- 15:17 | 15.08.2024
- Məhkəmə
Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Orxan Səfərovun cinayət işi üzrə baxış iclası keçirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində mülkiyyətçinin qanuni nümayəndəsi olan Kamran İsgəndərli dindirilib. O, qəza vaxtı sürücü olan Orxan Səfərova aid olan bütün sənədlərin və avtobusun texniki cəhətdən qaydasında olması ilə bağlı sənədləri məhkəməyə təqdim edib.
Orxan Səfərov isə qəza vaxtı avtobusun texniki cəhətdən nasaz olduğunu bildirib. Hakim avtobusun texniki cəhətdən qaydasında olmamasına cavabdeh olan şirkətin nümayəndələrinin məhkəmədə dindirilməsi ilə bağlı qərar qəbul edib.
Məhkəmə prosesi sentyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Elnur Novruzovun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Orxan Səfərovun idarə etdiyi 187 nömrəli xətt avtobusunun toqquşması nəticəsində "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.
Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu