"Dövlət hesabına hüquqi yardıma görə vəsaitin artırılması ilə bağlı təkliflərimizə hələ də müsbət cavab ala bilməmişik"

"Hazırda bizi narahat edən əsas məsələlərsən biri dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitin az olmasıdır".

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Sədr bununla bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunduğunu deyib: "Etdiyimiz müraciətlərə, təəssüf ki, hələ də müsbət cavab almamışıq. Hesab edirəm ki, bu məsələ öz həllini tapmalıdır. Məlum olduğu kimi, dövlət hesabına hüquqi yardımın hər saatına görə vəkillərə ödənilən vəsait 2018-ci ildə 2 manatdan 6 manatadək artırılıb. 2018-dən bugünədək bütün sahələrdə məvaciblər və digər ödənişlər artırılıb. Vəkillik sahəsində isə 6 ildir ki, bu məbləğ dəyişmədən qalıb. Ümid edirik ki, yaxın zamanda bununla bağlı lazımi addım atılacaq. Dövlət hesabına hüquqi yardıma ödəniş ağlabatan və bazar şəraitinə uyğun olacaq".

Xəyalə Bünyatova