Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirildi -

Aprelin 8-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq ADA Universitetində keçiriləcək Hacı Zeynalabdin Tağıyev adına müsabiqə çərçivəsində bir qrup (5 nəfər) tələbənin “EduEmpower” layihəsi ilə bağlı dəstək göstərilməsinə dair müraciətinə baxılıb və müvafiq maliyyə dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunub.

Sonra iclasda “Azərbaycan Vəkillərinin IV şahmat çempionatı” yarışmasının, habelə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “II Vəkil Kuboku”nun təşkil olunması məsələsinə baxılıb və müvafiq qərarlar verilib.

Bundan başqa, iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, üzvlük haqqından azad olunması, vəkil kabinetinin yaradılması, o cümlədən dövlət qulluğunda olması ilə bağlı vəkillik fəaliyyəti dayandırılan vəkilin vəkillik fəaliyyətinin bərpa olunmasına dair müraciətinə baxılıb.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.