- 19:45 | 02.04.2024
- Siyasət
Aprelin 2-də xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
E-huquq.az xəbər verir ki, görüşdə Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
İki ölkə və xalqlarımız arasında münasibətlərin tarixi təməllərə əsaslandığı, daim beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən ərazi bütövlüyü və suverenliyə hörmət əsasında inkişaf etdiyi xüsusilə qeyd olunub.
Görüşdə Ukrayna tərəfi Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın ölkəsi üçün əhəmiyyətini vurğulayıb və buna görə minnətdar olduqlarını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfir Kanevskiyə iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.