"Məişət zorakılığında formal barışıqlar gələcəkdə daha ağır cinayətlərin törədilməsinə şərait yaradır"

"Məişət zorakılığında formal barışıqlar gələcəkdə daha ağır cinayətlərin törədilməsinə şərait yaradır".

E-huquq.az xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı çıxışında Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov deyib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nda məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi sahəsində məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin aparılmasının Ali Məhkəməyə tövsiyyə edilməsi nəzərə alınaraq məhz məişət zorakılığından zərər çəkmiş şəxslərin cinayət-mühakimə icraatında hüquqlarının nə cür təmin edilməsi kontekstində Azərbaycan Respublikasının məhkəmələri tərəfindən Cinayət Məcəlləsinin 126, 127, 128-ci maddələri ilə nəzərdə tutulmuş məişət zorakılığı ilə əlaqəli olan cinayətlərə baxılması təcrübəsi ümumiləşdirilib.

"Ümumiləşdirmə zamanı 622 nəfər təqsirləndirilən şəxs barəsində işlər öyrənilmiş və müəyyən edilmişdir ki, əsasən məişət zəminində cinayət törətmiş şəxslər kişilər, bu cinayətlərdən zərərçəkmiş şəxslərin əksəriyyəti isə qadınlardır. Belə ki, öyrənilən işlər üzrə təqsirləndirilən şəxslərin 585 nəfərini, yəni 94 faizini kişilər, 6 faizini qadınlar, bu maddələrlə törədilmiş cinayətlər üzrə 621 nəfər zərərçəkmiş şəxslərdən isə 543 nəfərini, yəni 87,4 faizini qadınlar, 13,6 faizini isə kişilər təşkil edir. Zərərçəkmiş 543 nəfər qadından 471 nəfəri, yəni 86,7 faizi ərin və yaxud keçmiş ərin və ya faktiki ərin zorakılığına məruz qalmış arvad, keçmiş arvad və ya rəsmi nikaha girmədən faktiki nikah münasibətlərində olan qadınlardır", - deyə hakim bildirib.

Ə.Novruzov deyib ki, qeyd olunan rəqəmlər, xüsusilə cinayətlərin ailə daxilində qadınlara qarşı törədilməsi ənənəvi dəyərlərimizin müəyyən qədər aşındığına işarə etməklə, narahatlıq doğurmaya bilməz və onu tələb edir ki, ailənin möhkəmliyinə, ailədaxili münasibətlərə, gender bərabərliyinə təsir göstərən amillərin və zəruri tədbirlərin müəyyən edilməsi üçün lazımi tədqiqatlar, araşdırmalar aparılsın, məişət zorakılığının qarşısının alınmasına aidyyəti olan orqanların fəaliyyəti koordinayasiyalı şəkildə həyata keçirilsin, müvafiq istiqamətlər üzrə onların səyləri birləşdirilsin.

"Məişət zorakılığı ilə müşayiət olunan cinayətlərə dair işlərdə cəzanın təyini üzrə təcrübə öyrənilərkən müəyyən olunub ki, bu işlər üzrə icraat, əksər hallarda təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi ilə deyil, zərərçəkmiş şəxslə barışığın əldə edilməsinə və vurulmuş ziyanın ödənilməsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi, cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi ilə nəticələnib, təyin olunan cəzalar və yaxud cinayət xarakterli digər tədbirlər də əsasən real azadlıqdan məhrumetmə ilə bağlı olmayıb.

Əksər işlər üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxslər barəsində daha çox azadlıqdan məhrumetmə ilə bağlı olmayan növlərdə cəzaların təyin edilməsi xahişi bilavasitə zərərçəkmiş şəxs tərəfin müraciəti əsasında, yəni zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi əlaqədar iş üzrə icraata xitam verilməsi tələbindən irəli gəlib.

Əfsuslar olsun, məhkəmə təcrübəsi göstərir ki, bəzi hallarda bu cür "barışıqların" - xüsusilə zərərçəkmişlə təqsirləndirilən şəxsin bir ailədə yaşamaqda davam etdikləri hallarda zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və vurulmuş ziyanın ödənilməsi barədə ərizə verməsi onun asılılıq (maddi və ya psixoloji) vəziyyətindən, zəifliyindən, həqiqi iradəsini ifadə etməkdən çəkinməsindən, bir sözlə kənar təsirlərdən irəli gəlir və gələcəkdə həmin zərərçəkmiş şəxsə qarşı daha da ağır cinayətlər törədilməsinə şərait yaradır.

Odur ki, məişət zorakılığı ilə bağlı işlərdə bunları ehtimal etmək üçün ciddi əsaslar olduğu üçün hakimin yazılı barışıq ərizəsinin məhkəməyə daxil olması ilə kifayətlənməyib, məhkəmə baxışında zərərçəkmiş şəxsin iştirakını təmin etməsi, onun ifadəsini, çıxışını bilavasitə dinləməsi, barışığın əldə olunmasının, ziyanın ödənilməsinin mötəbər sübutlarla təsdiq olunduğuna əmin olması xüsusi əhəmiyyət kəsb edir", - deyə Ə.Novruzov qeyd edib.