- 17:59 | 15.09.2023
- Digər
Sentyabrın 15-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Zaur Əliyev fakültənin birinci kurs tələbələri ilə görüş keçirib.
E-huquq.az xəbər verir ki, tələbələr qarşısında çıxış edən dekan bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetində təhsil almaq hər bir gənc üçün şərəfdir, Hüquq fakültəsinin tələbəsi olmaq isə xüsusi bir məsuliyyətdir.
Bu ilin Ulu Öndərin 100 illiyi ilə əlamətdar olduğunu və “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdıran dekan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası, o cümlədən Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar barədə tələbələrə ətraflı məlumat verib.
Ulu öndərin hüquq sahəsinin inkişafına göstərdiyi qayğıdan, milli hüquqşünas kadrların yetişməsində əvəzsiz xidmətlərindən danışan dekan bildirib ki, məhz Ulu öndərin hüquqi islahatları çərçivəsində konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyətinin yaradılması, hakimiyyətlər bölgüsü prinsipinin bərqərar olması hüquq elminin inkişafında dönüş nöqtəsi yaradıb və yeni eranın başlanğıcı olub. Qeyd edilib ki, bu, həm aparılan hüquqi tədqiqatların məzmununu köklü dəyişdirib, həm də hüquqşünas kadrların yetişdirilməsi prosesinə öz əsaslı və əhəmiyyətli təsirini göstərib. Dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətimizi məhv olmaqdan, parçalanmaqdan və süquta uğramaqdan xilas edərək yeni, müasir hüquqi-demokratik Azərbaycan dövləti qurduğunu, bugünkü uğurların və qələbələrin möhkəm təməlini qoyduğu diqqətə çatdırılıb. Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin banisi, Prezident İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin banisi olduğunu xüsusi vurğulayan dekan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun qısa müddət ərzində işğal altında olan torpaqları azad etdiyini, bu gün bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyini bildirib.
Dekan Zaur Əliyev gənclərə, tələbələrə müraciət edərək bildirib ki, bu gün hər birimiz Ümummilli lider Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ulu öndərimizin ən böyük arzusunu, vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək əlimizdən gələni əsirgəməməliyik.
Respublikamızın ilk, ən qocaman fakültəsi olan 95 yaşlı Hüquq fakültəsinin tarixi, keçdiyi inkişaf yolu haqqında məlumat verən dekan hal-hazırda əsas məqsədin keyfiyyətli və qabaqcıl beynəlxalq standartlara cavab verən, Magna Charta Universitatum müddəalarına uyğun olaraq təhsilin və tədris prosesinin təşkili, innovativ elmi tədqiqat işlərinin aparılması üçün zəruri şəraitin yaradılması və sağlam elmi mühitin formalaşdırılması, həmçinin öz təhsillərini Hüquq fakültəsinə etibar etmiş şəxsləri yüksək biliklərlə təmin etməkdən ibarət olduğunu bildirib.
Dekan Zaur Əliyev tələbələrin suallarını cavablandırıb, təkliflərini dinləyib.
Tədbirdə həmçinin, Ulu öndərə həsr edilmiş film nümayiş etdirilib.