- 11:28 | 30.11.2024
- Vəkillik
"Bu gün Vəkillər Kollegiyası üçün önəmli bir gündür. Çünki ikinci dəfədir ki, belə möhtəşəm yarışın açılışını edirik. Şadam ki, Hüquq və İnsan Haqları İnstitutu, Hakimlərin Seçki Komitəsi və universitetlər bizə dəstək verir".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Respublikası Vəkillər Kollegiyasının və Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı ilə keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə həsr edilən tələbələr arasında “Qalib Azərbaycan” adlı II Hüquq Olimpiadasında deyib.
O bildirib ki, Azərbaycanın hüquq təsisatları gənclərin daha da təkmilləşməsi üçün əlindən gələni edir: "Bizim gənclərimiz qalib Azərbaycanın gələcəyi kimi belə tədbirlərdə fəal iştirak etməklə vətənimizi daha da gücləndirir. Əminəm ki, biz görülən bu işlərin nəticəsini gələcəkdə mütləq şəkildə görəcəyik. Ötən il "Heydər Əliyev İli" çərçivəsində çoxsaylı tədbirlər keçirildi. Kollegiya olaraq biz də geridə qala bilməzdik. Sevinirəm ki, ənənələr davam edir. Sevinirəm ki, bu gün keçirilən yarışmaya Qarabağ universiteti də qoşulub. Bu o deməkdir ki, Azərbaycanda hüquq sahəsində təhsil verən bütün ali təhsil müəssisələri tədbirə qoşulub. Bu, yarışmanın əhəmiyyətini daha da artırır. Düşünürəm ki, gələcəkdə xaricdən də komandaları cəlb etməliyik. Bu yarışma beynəlxalq olimpiada olmalıdır".
Sədr deyib ki, Vəkillər Kollegiyası daim gənclərə dəstək olmağa çalışır: "Biz gənc olanda bizə dəstək verən dövlət qurumları yox idi. Yalnız xarici təşkilatlar və səfirliklər gənclərə dəstək olurdu. Artıq ölkəmizdə bu ənənə dəyişib. Burada olan komandalar əminəm ki, gələcəkdə beynəlxalq yarışmalarda iştirak edəcək. Biz onlara dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Onların təhsil alması, inkişaf etməsi bizim üçün çox vacibdir. Ötən il ADA Universitetinin tələbələri Vaşinqtonda uğurlu nəticə göstərdi. Bu, bizi çox sevindirdi. Belə yarışmaların məqsədi məhz beynəlxalq uğurlara cığır açmaqdır. O zaman biz ürəkdən sevinəcəyik. Bütün iştirakçılara təşəkkür edir, Olimpiadanın işinə uğur arzulayıram".
Şəbnəm Mehdizadə