- 09:42 | 14.01.2025
- Dünya
Braziliyada məktəblərdə mobil telefonlardan istifadə qadağan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva Konqres tərəfindən ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu təsdiqləyib.
Qanun qüvvəyə mindikdən sonra həm dərslərdə, həm də fasilələrdə mobil telefondan istifadə qadağan olunacaq. Yeni nizamnaməyə əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.
Lula da Silva məsələ ilə bağlı açıqlamasında qanunun zəruri olduğunu və oxşar təcrübələrin başqa ölkələrdə də həyata keçirildiyini bildirib.
Lula da Silva vəzifəyə gəldiyi gündən bəri keçirdiyi görüşlərdə nazirləri və digər rəsmiləri telefondan istifadə etməmələri ilə bağlı xəbərdar etdiyini bildirib və telefonların diqqəti yayındırdığını vurğulayıb.
Aparılan sorğulara əsasən, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləyir.
Qeyd edək ki, məktəblərdə mobil telefonlarından istifadəni qadağan edən qanun layihəsi 20 dekabr 2024-cü il tarixində Konqres tərəfindən qəbul ediib.
Şəbnəm Mehdizadə