Ali Məhkəmə Samir Aşurovun cəzasını azaltdı

Ali Məhkəmədə adam bıçaqlamaqda təqsirləndirilən Samir Aşurovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət qismən təmin olunub. Belə ki, onun cəzası 6 il 6 aydan 6 ilə endirilib.

İttihama görə, S.Aşurov 2021-ci ilin dekabrında Nizami rayonu ərazisində aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Aşurov 6 il 6 ay azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi S.Aşurovun şikayətini təmin etməyib.

Xatırladaq ki, S.Aşurov 2021-ci ildə Almaniyadan deportasiya edilib. 

Şəbnəm Mehdizadə