Müdirlərin görünməz oyunu: Əvvəlcədən yazdırılan işdən çıxma ərizələri

"Əmək münasibətləri işçinin hüquqlarını qorumağı və tərəflərin qarşılıqlı maraqlarını təmin etməyi tələb edir. Lakin bəzi hallarda işçilərə əvvəlcədən işdən çıxma ərizəsinin yazdırılması qanunsuz təcrübələrə səbəb olur. Hər nə qədər bu hal qanunvericilikdə nəzərdə tutulmamış və yolverilməz olsa da, praktika göstərir ki, bu cür sənədlər gələcəkdə işçilər üçün ciddi problemlərə səbəb ola bilər".

Bunu e-huquq.az-a açıqlamasında hüquqşünas Aytac Qurbanova deyib.

O, həm hüquqi, həm də praktiki baxımdan belə halların işçilərə təsirindən və onların hüquqlarını qorumağın yollarıdan danışıb.

Hüquqşünas bildirib ki, əvvəlcədən işdən çıxma ərizələrinin yazdırılması işçilərin hüquqlarını pozur, çünki bu cür sənədlər işçinin könüllü iradəsini əks etdirmir: "Lakin təcrübədə məhkəmələrdə belə hallar mübahisəli olur. Əsas problem ondan ibarətdir ki, sənəddə işçinin imzası olduqda, məhkəmə çox vaxt sənədin məzmununu sübut kimi qəbul edir və işçinin həmin ərizəni məcburən yazdırıldığını sübut etməsini tələb edir. Bu isə işçinin zərər çəkmiş tərəf olmasına baxmayaraq, hüquqlarını müdafiə etməsini çətinləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində işçinin könüllü iradəsini əsas götürür. Məcəllənin 16-cı maddəsinə əsasən, işçinin hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Lakin əvvəlcədən yazılmış işdən çıxma ərizələri məhz bu prinsiplərə ziddir. Buna baxmayaraq, məhkəmə prosesində bu ərizələr işçinin imzası əsasında hüquqi qüvvəyə malik ola bilər".

(Fotoda:  hüquqşünas Aytac Qurbanova)

A.Qurbanovanın sözlərinə görə, əvvəlcədən yazılmış işdən çıxma ərizələrinin sonradan istifadə edilməsi işçilər üçün mənfi nəticələrə səbəb ola bilər: "İşçi məhkəmədə ərizənin məcburən yazdırıldığını sübut etməlidir.  Lakin sübutetmə prosesində işçi çox vaxt işəgötürənin təzyiqini təsdiq edə biləcək kifayət qədər dəlil toplaya bilmir. Bu halda məhkəmə sənəddəki imzaya əsaslanaraq işdən çıxmanın könüllü olduğunu qəbul edə bilər. İşçinin məcburiyyət nəticəsində ərizə yazdığını sübut etməsi üçün şahid ifadələri, yazılı sübutlar və ya digər faktlar tələb olunur. Bu isə hər zaman mümkün olmur və işçinin hüquqlarını müdafiə etməsini çətinləşdirir".

Hüquqşünas əmək münasibətlərində belə problemlərlə üzləşməmək üçün işçilərə tövsiyə verib: "İlk növbədə heç bir sənədi oxumadan imzalamayın. Əgər sizdən əvvəlcədən işdən çıxma ərizəsi yazmaq tələb edilirsə, bunu qətiyyətlə rədd edin. İşdən çıxma ərizəsi yalnız sizin könüllü iradənizlə, konkret bir səbəbə görə yazılmalıdır. İşəgötürən tərəfindən sizdən tələb edilən sənədlərin qanuna uyğun olub-olmadığını yoxlamaq üçün peşəkar hüquq məsləhətçilərinə müraciət edin. Eyni zamanda yazılı sübuta əhəmiyyət verin. Əgər təzyiqə məruz qalırsınızsa, bu barədə yazılı sübutlar toplayın (məsələn, elektron yazışmalar və ya şahid ifadələri). Əgər qanunsuz təzyiq ilə üzləşirsinizsə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək hüquqlarınızın qorunmasını tələb edin".

A.Qurbanova sonda qeyd edib ki, əmək qanunvericiliyinin pozulması işəgötürənlər üçün ciddi hüquqi nəticələrə səbəb ola bilər: "İşəgötürənlərin əmək münasibətlərində qanun pozuntularına yol verməsi onları inzibati məsuliyyətə cəlb edə bilər. Əvvəlcədən yazdırılan ərizələr həm işəgötürən üçün nüfuz itkisinə, həm də inzibati cərimələrə səbəb ola bilər. İşəgötürənlər əmək qanunvericiliyinə riayət edərək şəffaf və hüquqa əsaslanan münasibətləri təmin etməlidirlər".

Şəbnəm Mehdizadə