İtalyanın bu kəndində sakinlərə xəstələnmək qadağan edilib

İtaliyanın Belkastro kəndində sakinlərə təcili tibbi yardım tələb edən heç bir xəstəliyə yoluxmamaq əmri verilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın ən yoxsul bölgələrindən birində yerləşən həmin kəndin bələdiyyə sədri başçısı Antonio Torchia bu barədə fərman verib.

Torchia bu addımın yumoristik xarakterli olduğunu və beləliklə səhiyyə sistemindəki çatışmazlıqları vurğulamaq məqsədi daşıdığını qeyd edib.

Kənddə yaşayan 1200 nəfərin təxminən yarısının 65 yaşdan yuxarı olduğunu deyən bələdiyyə sədri ən yaxın təcili yardım xidmətinin kənddən 45 kilometr aralıda olduğunu bildirib.

Torchia həmçinin bildirib ki, fövqəladə hallar xidmətinin çata biləcəyi yolun sürət həddi saatda 30 kilometrdir.

Fərmanda təcili tibbi yardım tələb edən xəstəliklərin qarşısının alınmasının vacibliyi qeyd edilib. 

Kənd sakinlərinə isə zərərli ola biləcək davranışlara yol verməmək, bədbəxt hadisələrdən çəkinmək, evdən tez-tez çölə çıxmamaq, səyahətə çıxmamaq və başqa işlərlə məşğul olmamaq tövsiyə olunub.

Kənddə növbətçi həkim məntəqəsi isə həftəsonları, bayram günlərində və ya iş vaxtından kənarda xidmət göstərmir.

Şəbnəm Mehdizadə