Beş il əvvəl evə basqın etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılır

Zaqatalada evə basqın etməkdə təqsirləndirilən Fərid Bolayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilb. İş hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2019-cu ilin avqust ayında baş verib. Belə ki, üç nəfər maskalı naməlum şəxs Zaqatala rayonu ərazisindəki evlərdən birinə quldurluq niyyəti ilə daxil olub, ev sahiblərinin əl-qolunu bağlayaraq hədə-qorxu gəlib, onlardan pul tələb ediblər. Daha sonra 400 manata yaxın pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıblar. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində həmin şəxslərdən ikisi saxlanılaraq məsuliyyətə cəlb olunub. İstintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilən Fərid Bolayev isə bu ilin avqust ayında Rusiyadan Azərbaycana ekstradisiya edilib. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurduq) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə