Serbiyanın ən iri aviaşirkəti Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırır

Serbiyanın ən iri aviaşirkəti olan “Air Serbia” Rusiyanın Kazan (Tatarıstan Respublikası) və Soçi (Krasnodar diyarı) şəhərlərinə reysləri dayandıracaq.

E-huquq.az xəbər verir ki, bunu Rusiya Turoperatorlarının Assosiasiyası (RTA) bildirib.

“Air Serbia”nın rezervasiya sisteminə görə, qış cədvəlində Belqrada son reys Kazandan yanvarın 19-da, Soçidən isə yanvarın 20-də həyata keçiriləcək”, – təşkilatın teleqram hesabında qeyd olunub.

Serbiya şirkəti reyslərin dayandırılması ilə bağlı rəsmi açıqlama verməyib.

“Air Serbia”nın cədvəlində Belqraddan Moskva və Sankt-Peterburqa reysləri hələ də qalmaqdadır”, – RTA vurğulayıb.

Qeyd edək ki, daha əvvəl “Türkmənistan” aviaşirkəti Aşqabad – Moskva – Aşqabad reysini bir ay müddətinə ləğv etmişdi.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları”na məxsus Bakı – Qroznı reysini həyata keçirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.