- 17:58 | 06.01.2025
- Məhkəmə
Bakıda arvadını döyərək ona ağır xəsarət yetirməkdə təqsirləndirilən İmran Qədimova hökm oxunub.
E-huquq.az-ın məlumtına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytn Novruzovanın sədrliyi ilə keçirilə prosesdə İmran Qədimov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilən cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
Qeyd edək ki, İmran Qədimov Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində arvadına evi və yorğanları səliqəli yığışdırmadığını irad tutduğu üçün aralarında mübahisə yaranıb. Həyat yoldaşı ona aqressiv formada təhqiramiz cavab verib, evin qapısından çıxmaq istəyərkən yenidən ona "it" deyib təhqir etdiyi üçün İmran həyat yoldaşını cəzalandırıb qəsdən qisas almaq niyyətilə onun sifət, qarın və ayaq nahiyyələrindən yumruq və təpik zərbələri vuraraq xəsarət yetirib. Həmçinin ona daxili qanaxma ilə müşayiət olunan dalağın cırılması və xaric edilməsi (splenktomiya) ilə nəticələnən ağır zərər vurub.
Məhkəmə iclasında zərərçəkmiş şəxs ifadəsində bildirib ki, həyat yoldaşı ilə on iki ildir nikahda olmuşlar. Yorğan-döşək üstündə həyat yoldaşı ilə aralarında söz-söhbət olub. Yoldaşı ondan yorğanları səliqə ilə düzməsini istəyib, o isə həyat yoldaşına aqressiv cavab qaytarıb. Həyat yoldaşı əvvəlcə ona bir şillə vurub, daha sonra digər otaqdan qayınanası gələrək onları sakitləşdirib. Saat on ikidə yenidən söhbətləri olub. Qapıdan çıxanda əsəbiləşərək həyat yoldaşına "it" deyib, həyat yoldaşı da əsəbiləşərək qayıdıb ona təpik atıb və təpik onun sağ tərəfinə dəyib. Əvvəlcə ağrıları olmadığından yoldaşı gedib, ara sakitləşəndə gecə radələrində ağrıları başlayıb. Daha sonra həyat yoldaşı onu Sabunçuda 3 saylı xəstəxanaya çatdırıb və əməliyyatla dalağı çıxarılıb. Hazırda həyat yoldaşı ilə barışıb və həyat yoldaşının azadlığa buraxılmasını istəyir.
Şəbnəm Mehdizadə