DTX Akademiyasının rəisi: "Azərbaycanda vəkillik institutu özünün inkişaf dövrünü yaşayır"

"Vəkilin peşəkarlıq səviyyəsinin yüksəlməsi eyni zamanda məhkəmə hakimiyyəti orqanlarının, hüquq-mühafizə və prokurorluq orqanlarının da peşəkarlıq səviyyəsinin yüksəlməsinə gətirib çıxarır". 

E-huquq.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının rəisi, polkovnik Elşad Nəsirov 28 dekabr - Vəkil Günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki,  Azərbaycanda vəkillik institutu özünün inkişaf dövrünü yaşayır: "Bu gün vəkillərin peşəkarlıq səviyyəsi nə qədər yüksək olarsa, Vəkillər Kollegiyasının da nüfuzu bir o qədər yüksək olar. Azərbaycanda vəkillik sahəsində əldə olunan nailiyyətlər bizi də sevindirir".

E.Nəsirov hüquq təhsili sahəsində inkişaf əldə olunduğunu deyib: "Azərbaycanda hüquq təhsili verən ali təhsil ocaqlarının sayı çox deyil. Onlardan biri də rəhbərlik etdiyim Akademiyadır. Akademiyada hüquq fakültəsinə minimum keçid balı 605 olub. Bu göstəricini aparılan islahatların nəticəsi kimi qiymətləndirmək olar. Təhsil, elm sürətlə inkişaf edir. Sürətli inkişaf hər bir sahədə olduğu kimi, hüquq sahəsində də mühümdür".

Şəbnəm Mehdizadə