Yeni Klinikanın direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.

E-huquq.az xəbər verir ki, bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bildirib.

Məlumata görə, 14 nəfərdən 13-ü palataya, biri isə reanimasiya şöbəsinə yerləşdirilib.

“Təqribən 3-4 nəfərin vəziyyəti orta ağırdır. Hal-hazırda dəyərləndirmə aparılır. Digərləri isə kafi vəziyyətdədir. Xəstələrin əksəriyyəti 24-48 saatlıq müşahidədən sonra evə buraxıla bilərlər”, – direktor müavini vurğulayıb.

O, eyni zamanda, reanimasiyaya yerləşdirilən şəxsin vəziyyətinə də aydınlıq gətirib: “Küt bədən travması, baş-beyin silkələnməsi, döş qəfəsinin küt zədələnməsi olan xəstəmiz var”.

Xatırladaq ki, daha əvvəl “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınmışdı.