"Məhkəmə qərarlarına qəsdən hörmətsizlik edilir"

"Yasamal rayon İcra Hakmiyyəti məhkəmə qərarını heçə sayır və məhkəməyə açıqca hörmətsizlik. Vətəndaşa qarşı süründürməçilik edilir.  Əfsuslar olsun ki, bu belədir. Mənə görə bu, utancvericidir və hüquqi dövlət üçün ayıb bir məsələdir".


E-huquq.az-ın məlumatına görə, bunu vəkil Arif Məmmədov deyib.

Onun sözlərinə görə, vətəndaş yeni tikilinin 2-ci mərtəbəsində əvvəllər qeyri-yaşayış sahəsi kimi layihələndirilmiş, sonradan elə həmin icra hakimiyyəti orqanının qərarı ilə yaşayış sahəsinə keçirilmiş obyekt alıb: Bütün texniki göstəriciləri və hüquqi əsasları olduğu təqdirdə həmin sahənin yenidən qeyri-yaşayış sahəsinə keçirilməsi üçün icra hakimiyyətinə müraciət edib və imtina cavabı alıb: "İmtinada əlavə sənədin guya onlara təqdim edilmədiyi səbəbindən keçirilmənin mümkünsüz olduğunu qeyd ediblər. İnzibati orqan məcburetmə haqqında iddia ilə məhkəməyə verilib. 2 ilə yaxın davam edən məhkəmə proseslərinin heç birində cavabdeh iştirak etməyib. Məhkəmə prosesi zamanı məhkəmənin aralıq qərardadı ilə qanunsuz tələb etdikləri həmin sənəd də bunun üçün lisenziyası olan təşkilatdan əldə edilib göndərilib cavabdehə, icra hamiyyəti orqanı qərardadı icra etməyərək məhkəməyə məktub yazıb ki, həmin sənədi Fövqəladə Hallar Nazirliyi verməlidir. Biz hətta bu qanunsuz tələbi də icra edib bu sənədi də məhkəməyə təqdim etmişik. Məhkəmə yenə aralıq qərardadla icra hakimiyyətindən məsələyə təkrarən baxmasını tələb edib. Bu dəfə isə icra hakimiyyəti absurd bir imtina səbəbi göstərib qərardadı icra etməyərək məhkəməyə qaytarıb. Səbəb isə onu göstərib ki, guya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin onlara hansısa məktubu var və bu məktuba əsasən yaşayış sahəsinin qeyri-yaşayışa və ya əksinə keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılıb. Təbii ki, bu qanunsuz və absurd bir məktub olduğundan məhkəmə nəhayət yekun qərar qəbul edib, iddiamız tam təmin olunub, obyektin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərarın verilməsi icra hakimiyyətinə həvalə edilib. Cavabdeh orqan apellyasiya şikayəti verməyib və qərar qanuni qüvvəsini alıb".

Vəkil bildirib ki, məhkəmə qərarı icra edilməsi üçün icra hakimiyyətinə göndərib: "Budur, qoşmadakı utancverici həmin cavab icra hakimiyyəti orqanı tərəfindən məhkəməyə ünvanlanıb. Hətta icra başçısının imzası ilə. Sanki inzibati orqan olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və onun başçısının qanunvericilikdən, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının statusundan xəbəri yoxdur. Guya indi bunlar bilmir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı birmənalı hamı tərəfindən, bəli, hətta bu orqan icra hakimiyyəti statusunda olsa belə, birmənalı icra edilməlidir. Yəni müzakirəyə artıq yer yoxdur.  Heçnə yox, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsini xatırladıram sizə: Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur! İcra Hakimiyyəti orqanı bunu bilməmiş deyil".

A.Məmmədov deyib ki, icra hakimiyyəti məhkəmə qərarlarına, qanunlara qəsdən hörmətsizlik edir: "Bu isə inanın ki, gec-tez ağır nəticələrə gətirib çıxaracaq. Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar. Amma Yasamal rayon İcra Hakmiyyətində sanki nə isə tərsinə gedir. Vətəndaşın hüquqları nəinki qorunmur, əksinə elə icra hakimiyyətinin özü tərəfindən pozulur".

Sonda vəkil qeyd edib ki, bununla bağlı bütün mümkün yuxarı instansiyalara müraciətlər hazırlanaraq iddaçı tərəfindən göndəriləcək və digər tədbirlər görüləcək.

Şəbnəm Mehdizadə