Bank kartlarından 3 milyon avro pul vəsaiti oğurlayan kiberşəbəkə ifşa edilib

İspaniya və Peruda özünü bank əməkdaşı kimi təqdim edərək ümumilikdə 10 min nəfərə qarşı dələduzluq edən şəxslər saxlanılıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İspaniya polisi məlumat yayıb.

Məlumata görə, fişinq yolu ilə insanları tələyə salan dəstə üzvləri 3 milyon avro qanunsuz qazanc əldə edib.

Həyata keçirlən tədbirlər nəticəsində həmin şəxslərdən 35-i İspaniyada, 48 nəfəri isə Peruda saxlanılıb.

Qeyd olunub ki, iki ölkə polisi cinayətkar təşkilata qarşı 29 yerdə əməliyyat keçirib. Nəticədə 3 çağrı mərkəzi möhürlənib, xeyli sayda mobil telefon, kompüter, saxta sənədlər və pul ələ keçirib.

Bildirilib ki, cinayətkar qruplaşma qurbanlarını əsasən yaşlı insanlar arasından seçib və özlərini bank işçisi kimi təqdim edərək onların hesablarına daxil olub.

Dələduzluq yolu ilə əldə edilən pul vəsaitinin 30 faizinin İspaniyada banklarda saxlanıldığı, qalan hissəsinin isə Peruya köçürüldüyü məlum olub.

Şəbnəm Mehdizadə