- 13:39 | 25.11.2024
- Ekspert məqalələri
Yazıya başlamadan öncə diqqətimi mövzuya aid həm öz dövrü, həm də indi üçün kifayət qədər aktual olan məşhur bir film çəkdi. 1994-cü ildə Frank Darabontun rejissorluğu ilə çəkilmiş və Morgan Freemanın da baş rollardan birini oynadığı “The Shawshank Redemption” filmini xatırladım. Həmin filmin ilk səhnələrində biz ABŞ-da uzun həbs həyatı yaşamış şəxslərin on ildən bir müsahibəyə dəvət olunması qaydası ilə tanış oluruq. Əgər müsahibə qənaətbəxş hesab edilsə idi, məhkum azadlığa buraxılırdı. Filmdə Red adı ilə rol alan Morgan Freeman, müsahibələrdə həmişə eyni sözləri deyir və buna görə rədd edilirdi. Artıq Red özünü ciddi tənbeh edir. Sonuncu dəfə müsahibəyə dəvət olunanda “törətdiyin əməldən peşmansanmı?” sualına “törətdiyim əmələ görə burada peşman olmadığım bir gün belə yoxdur” cavabını verir. Redin özünə tənqidini, islah olunduğunu, törətdiyi əmələ qarşı adil davrandığını nəzərə alıb müsahibədə cəzasının çəkilməmiş hissəsindən azad edilməsi barədə qərar qəbul edilir. Düzdür, qeyd olunan filmdə məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsini nəzərdə tutulmasına baxmayaraq, cinayət törədən şəxsin cinayət məsuliyyətindən azad edilmə halları ilə bağlılığı şəxsin törətdiyi əməlinin dərki, islah olunduğunu bəyan etməsi və onun davranışında bu halların təsdiqi öz yerini tutur.
Başqa bir misal kimi demək olar ki, hüquq fakultəsində təhsil alan tələbələrin bir çoxunun oxuduğu Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanında müəllif əksər dedektiv janrda olan əsərlərdən fərqli olaraq cinayəti törədən şəxsi əsərin əvvəlində məlum edir. Lakin oxucunu əsərin sonuna kimi gözəgörünməz qatilin axtarışı ilə məşğul edir. Əsərin qəhrəmanı Rodion Raskolnikov sonda polis təşkilatına gələrək cinayəti törətdiyini etiraf edir. Sonra əsərdə onun məhkəmə prosesi barədə bu qeydlər edilir: “Məhkəmə onun işinə baxanda çox çətinlik çəkmədi. Cinayətkar öz ifadəsini qəti, düzgün və aydın verirdi: işi dolaşdırmırdı, öz xeyri üçün yumşaltmırdı, dəlilləri təhrif etmirdi, ən xırda təfsilatı belə yadından çıxartmırdı”...”Sizi nə vadar etdi ki, gəlib təqsirinizi boynunuza aldınız?” sualına o belə cavab verdi: “Tutduğum işdən doğrudan da peşman olmağım məni buna vadar etdi”. Roskalnikovun bu cavabları kobudcasına açıq etiraflar idi. Daha sonra əsərdə qatili cinayət törətməyə vadar edən digər səbəblər də araşdırılır. Yenə də əsas məsələ cinayət törədən şəxsin törətdiyi əməlinin dərki, davranışlarında onun həqiqətən də islah olunduğunu göstərən arqumentlər: ifadələrinin dəqiq, səmimi olması, məhkəmənin həqiqətə nail olmaq vəzifəsindən diqqətini yayındırmaq cəhdlərinin olmaması və sair.
Mövcud cəmiyyətin tələbləri dəyişdikcə yeni ictimai münasibətləri tənzimləyən hüquq normalarının da məzmunu dəyişir. Dövrünün ən ədalətli və humanist hesab olunan qanun normaları müəyyən zaman keçdikdən sonra artıq zərurətdən öz dövrünün ictimai münasibətlərini tənzimləməyə kifayət qədər yetərli hesab oluna bilmir.
Nümunə üçün bildirirəm ki, eramızdan əvvəl mövcud olmuş Hammurapi qanunları, digər qədim qanun külliyyatları ilə ümumi oxşar cəhətlərinə baxmayaraq, daha dəqiq və geniş hazırlanmışdı. Hammurapi qanunları külliyyatı hüquq və iqtisadi münasibətlərin müəyyən formalarını qaydaya salmaq məqsədilə tərtib olunmuşdu və həmin dövrün ən ədalətli qanunlar külliyatından biri hesab olunurdu, lakin həmin qanunlar külliyatı ona nisbətən müasir dövrün ictimai münasibətlərini tənzimləyən normalar külliyatı kimi çıxış edə bilməzdi. Buna başqa misal da göstərmək olar. Çingiz xanın yasaları və ya yaxın keçmişdə bir çox ölkələrin cinayət qanunvericiliyi üzrə cəza sistemində ölüm cəzasının mövcudluğu zamanın tələblərinə uyğun gəlmədiyi üçün ləğv edilmişdir. Elə təxminən 23 il əvvəl Azərbaycan Respublikası cinayət qanunvericiliyindən ölüm cəzasının çıxarılması faktı söylədiklərimizi təsdiq edir.
Buna görə də Azərbaycanda da zaman-zaman cəza siyasəti, məhkəmə-hüquq sahəsində islahatlar həyata keçirilmişdir. Bunlara misal olaraq vaxtı ilə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə cinayət, inzibati, kommersiya işlərinə daha operativ, hərtərəfli baxılması məqsədilə regionlarda ağır cinayətlər üzrə və inzibati, kommersiya məhkəmələrin yaradılmasını göstərmək olar. Daha sonra “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı da bu qəbil hüquqi sənədlərdəndir. Həmin Sərəncamdan sonra cinayət qanunvericiliyində cinayət hesab olunan əməllərin dekriminallaşdırılması ilə bağlı 2017-ci ilin dekabr ayında bir çox dəyişikliklər baş vermişdir. Bu cəhətdən “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı xüsusi əhəmiyyətə malikdir. Sonuncu məlum Fərmanın preambula hissəsində də qeyd edilmişdir: “Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir”.
Qeyd edilən islahatların davamı olaraq 2020-ci ilin may ayında Azərbaycan Respublikası Cinayət Məcəlləsinə (bundan sonra CM) dəyişikliklər edildi. Edilmiş dəyişikliklər CM-nin xüsusi hissəsində nəzərdə tutulmuş bir sıra cinayətlərə görə sanksiyada nəzərdə tutulan cəzaların azaldılması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə halları ilə bağlı, daha çox hərbi xidmət əleyhinə və hərbi qulluqçular tərəfindən törədilən cinayətlərin dekriminallaşdırılaraq inzibati xəta tərkibi yaratması əks olunub, bununla bağlı İnzibati Xətalar Məcəlləsində (bundan sonra İXM) hərbi xidmət əleyhinə olan inzibati xətalarla bağlı fəsil əlavə edilib.
CM-nin Ümumi hissəsinin 4-cü fəslində cinayət məsuliyyətindən və cəzadan azad etmə halları təsbit olunub. Cəzadan azad etmə məsuliyyətdən azad etmədən fərqli olaraq, şəxsin mühakiməsindən, yəni ittiham hökmü çıxarıldıqdan sonra tətbiq edilir. Xüsusilə cinayət məsuliyyətindən azad edilmə halları ilə bağlı cinayət təqibini həyata keçirən orqanların cinayət qanunvericiliyinin necə tətbiq etməsi barədə məsələlər haqqında fikrimi bildirmək istəyirəm, çünki bu, cinayət qanunvericiliyinin ən aktual mövzularından biridir. Müəyyən dövrlərdə bu mövzuda qanunvericilikdə dəyişikliklərin aparılması da mövzunun hər dövrdə aktual olduğunu göstərir. Belə ki, bu mövzunun birbaşa cəza siyasəti və cinayət törədən şəxsin islah olunmasının, həmçinin cinayətkarlığın qarşısının alınmasının təmin edilməsi ilə bağlı məsələ olduğunu düşünürəm.
Lakin cinayət məsuliyyətindən danışarkən əvvəlcə “cinayət”, “cinayət tərkibi” və “cinayət məsuliyyəti” anlayışlarının nə olduğunu aydınlaşdırmağa ehtiyac vardır, çünki cinayət törədən şəxsi cinayət məsuliyyətindən azad edilmə hallarının mövcudluğunu araşdırmaqdan əvvəl şəxsin əməlində cinayət tərkibinin, əməlin cinayət olmasını aradan qaldıran halların olub-olmamasını yoxlamaq vacibdir, bu həmçinin qanunun tələbidir. Cinayət tərkibinin mahiyyətini dərindən başa düşmədən CM-nin Xüsusi hissəsini mənimsəmək olduqca çətindir. Cinayətin törədildiyi zaman, məkan, cinayətə görə məsuliyyətin əsasları və həddi, cinayətin tövsifi, cəzanın tövsifi, cəzanın əsaslandırılması və s. məsələlər tərkib anlayışı ilə bilavasitə bağlıdır. Cinayət tərkibinin tədqiq edilməsi qanunçuluğa, o cümlədən cinayət məsuliyyəti və cinayət məsuliyyətindən azad edilmə halları ilə bağlı məsələlərə ciddi əməl olunması baxımından da böyük əhəmiyyət kəsb edir. Cinayət tərkibi CM-də təsbit edilmiş, ictimai təhlükə və cinayət sayılan obyektiv və subyektiv əlamətlərin məcmusudur.
Məhz cinayət tərkibi cinayət məsuliyyətindən azad edilmə hallarından əvvəl törədilən əməlin CM-nin müəyyən normasında təsbit edilmiş cinayət olması haqqında nəticə çıxarmağa imkan verən vasitədir. “Cinayət” anlayışı isə sülhə, bəşəriyyətin təhlükəsizliyinə, insan və vətəndaşın hüquq və azadlıqlarına, mülkiyyətə, iqtisadi fəaliyyətə, ictimai qaydaya və ictimai təhlükəsizliyə, ətraf mühitə, dövlətin konstitusiya quruluşuna qəsd etməkdən ibarət olan qanunla qadağan olunmuş ictimai təhlükəli əməldir. Həmçinin “cinayət” anlayışı CM-nin 14-cü maddəsində belə təsbit olunur ki, bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsi cinayət sayılır. Deməli, bütün cinayətlərə xas olan ictimai təhlükəlilik, qeyri-hüquqilik, təqsirlilik və cəzalandırma əlamətləri olmalıdır.
Göründüyü kimi, hər iki anlayış (cinayət tərkibi və cinayət) oxşardır, lakin eynilik təşkil etmirlər. Aralarında hər birinin təyinatından irəli gələn fərqlər vardır. Məsələn, oğurluq anlayışı (CM-nin 177-ci maddəsi) mülkiyyət əleyhinə olan cinayət növlərindən biridir, ictimai təhlükəli əməldir, qanunazidd davranışdır, törədilən cinayətə görə isə cinayət qanunvericiliyində cəza nəzərdə tutulub. Lakin bu cinayətin tərkib elementlərini səciyyələndirən hallar ictimai təhlükəli əməlin qəsdlə törədilməsində, özgə əmlakını gizli olaraq talanmasında, qeyd olunan cinayəti cinayət məsuliyyəti daşımaq qabiliyyəti olan şəxs tərəfindən törədilməsində ifadə olunur. Əgər cinayət anlayışı cinayət əməlini səciyyələndirən əlamətləri, yəni onun ictimai təhlükəliliyini, hüquqa zidd olduğunu, təqsirliliyini və cəzalandırılmalı olmasını özündə ehtiva edirsə, cinayət tərkibi anlayışı cinayətin elementlərini, yəni obyektini, obyektiv cəhətini, subyektiv cəhətini və subyektini səciyyələndirir.
Subyekt CM-si ilə müəyyən edilən (CM-nin 20-ci maddəsi: cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddi) yaş həddinə çatmış fiziki anlaqlı şəxs sayılır, həmçinin həmin Məcəllənin xüsusi hissəsinin maddəsində əlavə əlamətlər olarsa, xüsusi subyekt sayılır. Subyektiv cəhət şəxsin törətdiyi ictimai təhlükəli əmələ münasibəti, motivdə və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. Qəsd və ehtiyatsızlıq isə CM-nin 24-cü maddəsində təqsirin formaları kimi göstərilib. Cinayətin obyekti cinayət qanununvericiliyi ilə müdafiə olunan və zərər (fiziki, maddi, mənəvi) yetirilə bilən ictimai münasibətlərdir. Obyektiv cəhət cinayət tərkibinin müəyyən şəraitdə, məkanda və zamanda baş verən və cinayət qanunu ilə qorunan obyektə zərər vuran konkret ictimai davranışın, qəsdin zahiri təzahürünü səciyyələndirən elementdir.
Cinayət məsuliyyəti də hüquqi məsuliyyətin bir növüdür, o, cinayət qanunu ilə dövlət tərəfindən müəyyən edilir. Cinayət məsuliyyəti cinayət törətməkdə təqsirli olan şəxsin dövlət adından mühakimə edilməsini və onun barəsində cəzanın tətbiqini nəzərdə tutur. Bir sıra ölkələrin qanunvericiliyində cinayət məsuliyyətindən, məsələn, zərər çəkmiş şəxslə barışıq, cinayət məsuliyyətinə cəlb etmə müddətinin sona çatması və sair kimi əsaslar vardır. Azərbaycan Respublikası Cinayət Qanunvericiliyində də cinayət məsuliyyətindən azad etmə halları nəzərdə tutulmuşdur.
Cinayət qanunvericiliyində və digər hüquqi mənbələrdə “cinayət məsuliyyəti” anlayışına müxtəlif təriflər verilmişdir. Məsələn, CM-nin Ümumi hissəsinin I bölməsi üzrə Azərbaycan Respublikası cinayət qanununun vəzifələri və prinsipləri fəslinin (I fəsil) 3-cü maddəsində cinayət məsuliyyətinin əsasları göstərilmişdir. Həmin maddədə qeyd olunur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
Şəxsin təqsirli olduğu halda cinayət məsuliyyətindən azad edilmə halları ilə bağlı Azərbaycan Respublikası Cinayət qanunvericiliyində bir sıra şərtlər nəzərdə tutulub. Bunlara aiddir: səmimi peşmançılıq, zərərçəkmiş şəxslə barışmaq, ona dəymiş ziyanı ödəmək, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmaması və sair. Biz cinayət qanunvericiliyində nəzərdə tutulmuş bir çox məsuliyyətdən azad etmə hallarından yox, yalnız yuxarıda qeyd ediyimiz şərtlərdən danışırıq.
Müvafiq qaydanı ehtiva edən bir çox dövlətin qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikası Cinayət qanunvericiliyində də tərəflərin razılaşmaya nail olmasına, yuxarıda qeyd edilən şərtlərin olmasına baxmayaraq, məhkəmələrə və cinayət təqibini həyata keçirən orqanlara müvafiq qaydanın tətbiq edilməməsinə imkan verən qanun norması mövcuddur, yəni qeyd olunan cinayət təqibini həyata keçirməməyə imkan verən, həmçinin cinayət məsuliyyətindən azad edilmənin olduğuna əsas verən halların olması cinayət işi üzrə icraata xitam verilməsini imperativ etmir, yəni bu orqanlara cinayət təqibini həyata keçirməyə hüquq verir.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir.
Məsələn, CM-nin 72.1-ci maddəsində qeyd edilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.
Yuxarıda qeyd olunan qanun norması ilə bağlı bir misal çəkmək olar. Məsələn, A adlı bir şəxs zərərçəkmiş şəxs B-ə qarşı ilk dəfə CM-nin 314.1-ci maddəsi (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) ilə nəzərdə tutulmuş cinayət əməlini törədir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs A B-yə dəymiş zərəri ödəyir, onunla barışır, zərərçəkmiş şəxs B də cinayət işinə baxan məhkəməyə ərizə təqdim edərək bildirir ki, təqsirləndirilən şəxs A ona dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə baxan məhkəmə işin hallarına görə təqsirləndirilən A-nın CM-nin 314.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara da bilər və yaxud ona həmin maddə üzrə hökmlə cəza da təyin edə bilər. Göründüyü kimi, qeyd olunan qanun normasında göstərilən şərtlər olarsa, şəxsin ittiham edildiyi maddə üzrə cinayət məsuliyyətindən azad olunması vəzifəsi cinayət işinə baxan məhkəmə və ya cinayət təqibini həyata keçirən orqan üçün dispozitiv (subyektlərə digər davranış imkanları da verir) xarakter daşıyır. Buna aid CM-də nəzərdə tutulan başqa cinayətlərlə bağlı da misal göstərmək olar.
Digər bir məqamda CPM-nin 40.3-cü maddəsində qeyd edilir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-nin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən, cinayət təqibi başlanılmır və ya ona xitam verilir.
Yuxarıda qeyd edilən hüquq normalarından birinin dispozisiyasını nəzərdən keçirək. CM-nin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
Yuxarıda qeyd olunan qanun normasına bir misal çəkmək olar. Məsələn, A adlı bir şəxs zərərçəkmiş şəxs B-ə qarşı ilk dəfə CM-nin 127.1-ci maddəsi (Zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) ilə nəzərdə tutulmuş cinayət əməlini törədir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs A B-yə dəymiş zərəri ödəyir, onunla barışır, zərərçəkmiş şəxs B də cinayət işinə baxan məhkəməyə ərizə təqdim edərək bildirir ki, təqsirləndirilən şəxs A ona dəymiş ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə baxan məhkəmə təqsirləndirilən A-nın CM-nin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Cinayət məsuliyyətindən azad olunması üçün əsas kimi CM-nin 73.2-ci maddəsini rəhbər tutur. Həmin maddədə qeyd edilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, qeyd olunan qanun normasında göstərilən şərtlər həyata keçirilərsə, şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi vəzifəsi cinayət təqibini həyata keçirən orqan və ya məhkəmə üçün imperativdir (konkret davranış qaydası müəyyən edilir və olduğu kimi icra edilməlidir). Buna aid CM-də nəzərdə tutulan başqa cinayətlərlə bağlı da misal göstərmək olar.
Birinci misaldakını nəzərdən keçirsək, müşahidə etmək olar ki, həmin şərtlər daxilində şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi ilə bağlı qanun normasına istinad edərkən həmin qanun normasının tətbiqini, işin bütün hallarının (əsasən CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirici halların) kifayət qədər əsaslandırılmaması təcrübədə müəyyən çətinliklər yarada bilir. Həmçinin cinayət qanununun müddəasına görə, CM-nin 59.1-ci maddəsində göstərilməyən hallar da yüngülləşdirici hal kimi nəzərə alına bilər.
Təqsirləndirilən şəxsin CM-nin 73.1-ci maddəsinin verdiyi hüquqdan istifadə etməsi üçün aşağıdakı şərtlər ödənilməlidir:
1.təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət olmalıdır.
2. cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışmalıdır (yüngülləşdirici hal).
3. cinayət törətmiş şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməlidir və ya vurulmuş zərəri aradan qaldırmalıdır (yüngülləşdirici hal).
4. Həmçinin nəzərə alınmalıdır ki, CM-nin 73-1-ci maddəsi ilə mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə və 73-2-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə CM ilə xüsusi olaraq tənzimləndiyindən, şəxsin törətdiyi böyük ictimai təhlükə törətməyən əməli mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdən olmamalıdır. Yəni 73.1, 73-1 və 73-2-ci maddələrini birlikdə götürdükdə, 73.1-ci maddənin təsiri mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə münasibətdə istisna edilir.
Bununla da CM-də şəxsin mülkiyyət əleyhinə və ya iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdən başqa, digər sahələrdən olan böyük ictimai təhlükə törətməyən cinayət törətdiyi təqdirdə və CM-nin 73.1-ci maddəsində müəyyən edilmiş hər 2 yüngülləşdirici hallar mövcud olarsa, həmin şəxsin cinayət məsuliyyətindən azad olunmasına dair hər hansı bir qadağa qoyulmamışdır.
Bəzən yaranmış təcrübəyə əsasən belə bir vəziyyətdə cinayət məsuliyyətindən azad etmə institutu ona görə tətbiq edilmir ki, həm CPM-nin 37, 39, 40-cı maddələri buna imkan vermir, yəni ictimai ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxslə barışmaqla bağlı xitam verilə bilməsi barədə norma yoxdur.
Həm də bunun mümkünsüzlüyünə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15.07.2011-ci il tarixli Qərarına istinad edirlər.
Belə hesab edilir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına əsasən cinayət əməlinin obyektinin xarakteri ictimai təhlükəsizliyə və ictimai qaydaya qarşı və ya dövlət hakimiyyəti əleyhinə olan cinayət olarsa, bu zaman tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsi CM-nin 73-cü maddəsinin tələbləri ilə uyğunsuzluq təşkil etmiş olar.
Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında konkret qadağa qoyulmamışdır. Əksinə bunun mümkünlüyü qeyd edilmişdir.
Qərarda qeyd edilmişdir ki, CPM-nin 40.2-ci maddəsindən göründüyü kimi zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda cinayət təqibinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında təhqiqatçının və ya müstəntiqin qərarı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla mütləq razılaşdırılmalıdır.
Məhkəmə baxışı gedişində isə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması zamanı cinayət təqibinə xitam verilməsinin qaydaları CPM-nin 43-cü maddəsində təsbit olunmuşdur. Məcəllənin 43.3-cü maddəsinə görə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.
Məhkəmə baxışı gedişində CPM-nin 40.2.2-ci maddəsində göstərilmiş hal müəyyən edildikdə məhkəmə müdafiə tərəfinin razılığı ilə bu əsasla cinayət təqibinə xitam verə bilər.
Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda cinayət təqibi icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə isə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər.
Bununla belə, zərərçəkmişin təqsirləndirilən şəxslə barışmasına dair ərizəsinə baxılarkən nəinki bunun üçün qanunla nəzərdə tutulan əsasların olub-olmaması yoxlanılmalı, həmçinin törədilmiş əməlin ictimai təhlükəliliyi, təqsirləndirilənin şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da daxil olmaqla konkret işin bütün halları nəzərə alınmalıdır.
Göstərilən hallardan başqa cinayət əməlinin obyektinin xarakterinin də nəzərə alınması vacibdir. Məsələn, ictimai təhlükəsizliyə və ictimai qaydaya qarşı və ya dövlət hakimiyyəti əleyhinə olan cinayət işlərində tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsi CM-nin 73-cü maddəsinin tələbləri ilə uyğunsuzluq təşkil etmiş olardı. CM-nin 73-cü maddəsinin mənasına görə cinayət məsuliyyətindən azad edilmə yalnız konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər üzrə yolveriləndir. Buna görə də, məsələn, ədalət mühakiməsi əleyhinə olan işlərdə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə CM-nin 73-cü maddəsinin tələblərinə cavab verməyən kimi qəbul edilməlidir.
Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarında əslində ictimai ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxslə barışmaqla bağlı xitam verilə bilməsinin mümkünlüyü qeyd edilmişdir.
Hətta nəzərə alsaq ki, qeyd edilən qərar 2011-ci ildə qəbul edilmişdir, həmin tarixdən sonra CM-nə bir çox dəyişikliklər edilmişdir. Bu barədə yazının başlanğıcında qısa məlumat verilib.
Dəyişiklikdən sonra CM-nin 306-cı maddəsinin qeydinə əsasən ədalət mühakiməsi əleyhinə olan həmin cinayət üzrə də cinayət məsuliyyətindən azad edilmə imkanı yaradılmışdır.
Həmçinin dəyişiklikdən sonra CM-nin 263-cü maddəsinin qeydinə əsasən hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət kimi həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.
Bununla da dəyişikliklərdən sonra hətta ədalət mühakiməsi əleyhinə olan və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə də zərərçəkmiş şəxslə barışma və ona dəymiş ziyanı tamamilə ödənilməsi əsası ilə cinayət məsuliyyətindən azad edilmənin mümkünlüyü təsbit edilmişdir.
Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki, CM-nin 73-cü maddəsinin mənasına görə cinayət məsuliyyətindən azad edilmə yalnız konkret şəxslərin hüquqlarına və qanuni maraqlarına qəsd edən cinayətlər üzrə yolveriləndir.
Bütün qeyd edilənlərdən əlavə nəzərə alınmalıdır ki, əməlin cinayət sayılması, cinayət məsuliyyətinin əsaslarını, cinayət-hüquqi xarakterli tədbirləri, o cümlədən cinayət məsuliyyətindən azad edilmənin mümkünlüyü CM-nin 1.1, 1.3, 2.2, 3, 4, 5.1, 6.1, 6.2, 10.3, 73-cü maddələrinə əsasən yalnız CM ilə müəyyən edilir.
CM-nin 5.2-ci maddəsinə əsasən cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir.
CM-nin 73-cü maddəsindəki cinayət məsuliyyətindən azad edilməyə dair imkanlara hər hansı məhdudiyyət qoyula bilməz.
Cinayət məsuliyyətindən azad edilmə mərhələsində digər qanunlar, o cümlədən CPM-nin müddəalarının qüvvəsi CM-nin müddəalarından üstün ola bilməz.
Bu zaman bir çox hallara xüsusi diqqət yönəltmək olar: yəni şəxs törətdiyi cinayət əməlinin məsuliyyətini dərk edir, özünü bu əmələ görə qınayır, törətdiyi əmələ qınayıcı münasibət, ona cəza təyin edilmədən islah olunduğunu hərəkətləri ilə göstərir, həmçinin cinayətin törədilmə şəraiti və sair nəzərə alınır.
Göstərilən qanunun norması isə cinayət işinə baxan məhkəmə üçün imperativ deyilsə, yəni CM-nin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd etdiyim əsaslara görə cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilərsə, fikrimcə, bu hallar nəzərə alınmaqla cinayət işi üzrə icraata xitam verilməsi təcrübəsi genişləndirilə bilər. Çünki məsuliyyətini dərk edib, hüquq mühafizə orqanına könüllü gələrək təqsirini boynuna alan, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törədib, törətdiyi cinayət əməli ilə bağlı səmimi etirafedici ifadələr verib, verdiyi ifadələrin dəqiqliyi, eyni zamanda məhkəmə və ya cinayət təqibini həyata keçirən digər orqanların fikrini həqiqətə nail olmaq məqsədindən yayındırmamaq, törətdiyi əməlin ağırlığını aradan qaldıran şəxsə yenidən cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkün deyildir, əksinə, şəxsin törətdiyi əməlin ağırlığını, məsuliyyətini aradan qaldırdığına görə bəzi hallarda peşmançılıq hissi yaşadar və bir növ şəxsdə cəza siyasətinə inamsızlıq hissi yaşadar. Təbii ki, bu məsələyə də fərdi yanaşmaq lazımdır. Hər bir işin özünəməxsus xüsusiyyətləri vardır.
Qeyd olunan müsbət halların baş verməsi ilə bərabər, bu cür humanist qaydalar dövlətin istintaq və işin baxılması ilə bağlı çəkdiyi xərclərin azalmasına da səbəb olur. Bununla yanaşı, cinayət törədən şəxsin cinayət nəticəsində yaranmış zərərin aradan qaldırılmasını stimullaşdırmaq məqsədi daşıyar.
Orxan Bünyad
Vəkillər Kollegiyasının üzvü