- 22 noy 2024 12:33
- Digər
Bu gün - noyabrın 22-də Azərbaycanda ədliyyə orqanlarının yaranmasının 106 illiyi tamam olur. Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
E-huquq.az xəbər verir ki, ötən müddət ərzində Azərbaycan ədliyyəsi mühüm nailiyyətlər qazanıb. Azərbaycan ədliyyəsinin fəaliyyətinin təkmilləşdirilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1970-ci il oktyabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin təsis olunması bu mühüm sahənin gələcək inkişafı üçün əlverişli zəmin yaratdı. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən köklü hüquqi islahatlar nəticəsində ədliyyə orqanlarının fəaliyyəti müasir dövrün tələblərinə uyğunlaşdırıldı, ölkəmizdə yeni üçpilləli məhkəmə sistemi bərqərar oldu.
Hazırda ədliyyə və məhkəmə-hüquq islahatları Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının 2006-cı il 18 aprel tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiqlənərək ona hüquq-mühafizə orqanı statusu verilib. Habelə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 2006-cı il 26 may tarixli Qanunu qəbul olunub. Həmçinin Prezident İlham Əliyev tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli Fərman imzalanıb.
Azərbaycan ədliyyəsinin davamlı inkişafına dair Dövlət proqramları, Prezidentin 2017-ci il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncam, 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ədliyyə və məhkəmə fəaliyyətində mühüm “yol xəritəsi” olmaqla, bu sahənin müasir çağırışlara uyğun inkişafını təmin edib. Habelə vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə əlçatanlığının asanlaşdırılmasına, onlara keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə, rəqəmsal innovasiyaların tətbiqinə geniş imkan yaradıb.
Ədliyyə Nazirliyi qanunların təkmilləşdirilməsində fəal iştirak edir, eləcə də əhalinin, sahibkarlıq sahəsində yoxlamaların və qüvvədən düşmüş sənədlərin reyestrlərini aparır. Vətəndaşlıq vəziyyəti aktlarının, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatını həyata keçirir, penitensiar sistemə rəhbərlik edir, ədalət mühakiməsi əleyhinə və bir sıra digər cinayətlər üzrə ibtidai istintaqın aparılmasını, notariat fəaliyyətini, məhkəmə ekspertizalarının keçirilməsini, məhkəmələrin və digər orqanların qərarlarının icrasını və probasiya nəzarətini təmin edir. Bütün bunlar ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyətini göstərməklə nazirliyin çoxşaxəli fəaliyyət sahələrinin arxasında genişhəcmli konkret işlərin dayandığını göstərir.
Ədliyyə Nazirliyi tərəfindən aparılan mütərəqqi islahatlar davamlı xarakter alıb. Xüsusən Fərid Əhmədovun ədliyyə naziri təyin olunmasından sonra bu sahədəki islahatların daha daha effektiv və çevik həyata keçirildiyinin şahidi oluruq. Onun apardığı kadr və struktur islahatları ədliyyə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin edib. Bu gün ədliyyə orqanlarının fəaliyyətində nəzərəçarpan müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Bu sırada Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin fəaliyyətini xüsusi vurğulamaq olar. Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun rəhbərliyi nəticəsində bu sahədə olan bəzi neqativ hallar aradan qaldırılıb. Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsirləri əsasında həyata keçirir. Penitensiar müəssisələrdə təqsirləndirilən şəxslərin və məhkumların hüquqları beynəlxalq standartlara uyğun şəkildə təmin olunur. Onların saxlanma şəraitinin yaxşılaşdırılması, cəmiyyətə reinteqrasiyası məqsədilə infrastruktur müasirləşdirilir.
Hazırda ədliyyə sistemi müasir İKT-lərin tətbiqi ilə inkişaf edir, ədliyyəyə əlçatanlığın təmini məqsədilə innovativ həllərdən geniş istifadə edilir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ədliyyə sistemində aparılan islahatlar çərçivəsində vətəndaş məmnunluğunun təminatına yönələn müxtəlif ədliyyə xidmətlərinin rəqəmsal platformalarda eyni vaxtda, vahid mənbədən və məsafədən göstərilməsi müasir innovativ xidmət - Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng (“ƏN TEZ”) xidmət platforması yaradılıb.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə ədliyyə orqanları ordumuzla həmrəylik nümayiş etdirərək dəstək göstərib, ədliyyə işçiləri və hakimlər hərbi əməliyyatlarda fəal iştirak edib. Onlar Ermənistanın müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparıblar.
Ötən il oktyabrın 15–də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdərədə, Əsgəranda, Xocalıda və Xankəndidə Azərbaycanın dövlət Bayrağını qaldırdı, bununla da suverenliyimiz tam bərpa olundu. Yaranmasının 106-cı ildönümünü şanlı Zəfərlə eyni dövrdə qeyd edən Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpası, bu orqanlar üçün infrastrukturun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi qarşıda dayanan mühüm vəzifələrdəndir. Son illər məhkəmə-hüquq sistemində həyata keçirilən mütərəqqi islahatlar Qarabağ və Şərqi Zəngəzur bölgəsini də əhatə edəcək.
Azərbaycan Prezidentinin ədliyyə sisteminə yüksək diqqət və qayğısının daha bir təzahürü bu sahədə çalışan əməkdaşların mütəmadi olaraq təltif edilməsidir. Dövlət başçısının sərəncamlarına əsasən, ədliyyə orqanlarında səmərəli fəaliyyətinə görə qurumun əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib, ali xüsusi rütbələrə layiq görülüblər.
Peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!