Mülki Məcəllənin təkmilləşdirilməsi işçi qrupunun növbəti iclası keçirildi - FOTO

Cari ilin 30 oktyabr tarixində “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupunun Hüquq və İnsan Haqları İnstitutunda hibrid formatda növbəti iclası baş tutub.

E-huquq.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Katibliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Mərkəzi Bankın, Əqli Mülkiyyət Agentliyinin, Vəkillər Kollegiyasının, Bakı Dövlət Universitetinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri və işçi qrupun digər üzvləri, o cümlədən özəl sektorun nümayəndələri, həmçinin beynəlxalq ekspert, Almaniyanın Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev iştirak edib. İşçi qrupun iclasında həmçinin maraqlı tərəflərin (müvafiq normaları tətbiq edən və tətbiqə məruz qalan subyektlərin) nümayəndələri də iştirak edərək rəylərini bildirib.

İclasda Azərbaycan Respublikası Mülki Məcəlləsinə əlavə edilməsi nəzərdə tutulan 2-1-ci fəsil (“Qeyri-əmlak hüquqları”) üzrə hazırlanan Konsepsiya sənədinin layihəsi müzakirə edilib.

İclası giriş sözü ilə açan işçi qrupun rəhbəri, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Mülki Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan 2-1-ci fəslin (“Qeyri-əmlak hüquqları”) ümumi məqsədləri, məzmunu və strukturu haqqında qısa izah verib, həmçinin həmin fəslin müddəaları tərtib edilərkən araşdırılmış yerli və xarici mənbələr barədə məlumatları diqqətə çatdırıb. Hazırkı müzakirədə Mülki Məcəlləyə əlavə edilməsi nəzərdə tutulan sözügedən fəsil üzrə Konsepsiya sənədinin müvafiq hissələrinin ilkin layihəsinin hazırlandığını deyən işçi qrupun rəhbəri sənədin təkmilləşdirilməsi üçün əlavə təkliflərin verilməsinin mümkün olduğunu bildirib.

Daha sonra Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək işçi qrupun Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının üzvlərinin sayına görə ən böyük qruplardan biri olduğunu və yaradıldığı vaxtdan cəmiyyət, habelə hüquq sahəsində çalışan ekspert və mütəxəssislər tərəfindən böyük rəğbətlə qarşılandığını qeyd edib. Mülki Məcəllənin təkmilləşdirilməsinin əhəmiyyətindən danışan Vüsal Şıxəliyev iş prosesində təkcə dövlət orqanlarının verdiyi rəylərin deyil, həm də özəl sektor, QHT-lər, müstəqil ekspert və mütəxəssislərin verdiyi rəylər və beynəlxalq təcrübənin də nəzərə alındığını bildirib.

İclasın gedişatında təklif edilən 2-1-ci fəsil (“Qeyri-əmlak hüquqları”) üzrə müddəalar iclas iştirakçılarına təqdim edilib, sənədlə əlaqədar iştirakçıların təklifləri müzakirə edilib, suallar cavablandırılıb və sənədin verilən rəylər əsasında təkmilləşdiriləcəyi bildirilib.

Sonda Samir Mahmudov qarşıdakı müddətdə işçi qrup tərəfindən görülməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçıları məlumatlandırıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin təkmilləşdirilməsi” işçi qrupuna rəhbərliyi Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi həyata keçirir.

Qeyd edək ki, işçi qrupun üzvlərinin və maraqlı tərəflərin rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilmiş layihənin mətni Mərkəzin veb-saytında yerləşdiriləcəkdir.