- 16:13 | 30.10.2024
- Məhkəmə
Bakıda həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayətinin bəzi detalları məlum olub.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror Vüsal Mehrəliyev ittiham aktını elan edib.
İstintaqla müəyyən edilib ki, 2006-cı il təvəllüdlü Rəhim Əsədov bu ilin 14 iyununda "İnstagram"da tanış olduğu həmyaşıdı Rəşid İmanovla əlaqə saxlayaraq, onun yaşadığı Sabunçudakı nömrəsiz fərdi evinə gedib.
Belə ki, təqsirləndirilən şəxs Rəhim Əsədov orada olarkən Rəşid İmanova intim əlaqədə olmağı təklif edib. Mərhum Rəşid İmanov isə onun bu təklifini qəbul etməyib.
İttiham aktında göstərilib ki, Rəhim Əsədov mərhumun əmlakını ələ keçirməyi qərarlaşdırıb. Belə ki, təqsirləndirilən şəxs Rəşid İmanovun pul vəsaitini və "Iphone" markalı mobil telefonunu ələ keçirmək üçün onun üzərinə hücum edib, eyni zamanda xüsusi amansızlıqla qəsdən öldürmək qərarına gəlib.
O, zərərçəkmişin öncə boğaz nahiyəsindən tutaraq üzü döşəməyə yıxıb və mətbəxdən götürdüyü ət baltası ilə onun boynunun ön və sağ ətrafından ümumilikdə 2 dəfə vuraraq qətlə yetirib.
Rəhim Əsədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham irəli sürülüb.
Sonra təqsirləndirilən şəxs ona edilən ittihamla özünü təqsirli bilib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Rüstəm İmanov isə təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.
Məhkəmənin növbəti iclası dekabrın 4-nə təyin edilib.
Orxan Rasifoğlu