Azərbaycanda yol qəzaları artır, çıxış yolu nədir? -

Son zamanlar Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Belə ki, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1259 və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 9,8 faiz artaraq 1698 nəfər olub. Onlardan 599-u həlak olub, 1099-u isə yaralanıb.

Yenicə qədəm qoymasına baxmayaraq, 2023-cü ilin ilk günlərində də ölümlə nəticələnən ağır yol qəzaları baş verib. Təkcə 5 gün ərzində respublikanın avtomobil yollarında baş verən qəzalarda 15-dən çox şəxs həlak olub.

Bəs, artan bu qəzaların əsas səbəbləri nələrdir? Hansı addımlar atılmalıdır ki, faciəvi nəticələrə gətirib çıxaran yol-nəqliyyat hadisələrinin qarşısı alınsın?

Nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov e-huquq.az-a açıqlamasında yol qəzalarının artmasını bir neçə səbəblə əlaqələndirib.

"Bu hadisələrin baş verməsinə əsas səbəb kimi hərəkətin təşkilindəki problemlərdən tutmuş, küçənin işıqlandırılmaması, sürücünün ehtiyyatsızlığı, diqqətsizliyi və digər məsələləri göstərmək olar. "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda yol-nəqliyyat hadisələrinin səbəbləri də, həlli yolları da göstərilib. Dünya ölkələri bu məsələnin həlli yollarını tapıb və əhəmiyyətli, ciddi dəyişikliklərə nail olublar. Biz də o yolla getməliyik, real fəaliyyət olmalıdır. Bizdə real fəaliyyət yoxdur, hər şey kağızın üzərində qalıb", - deyə o qeyd edib.

Yol qəzalarının qarşısının alınması üçün sürücülərə qarşı tətbiq edilən cəzaların sərtləşdirilməsi barədə səsləndirilən təkliflərə gəlincə isə, ekspert bu fikirlə razılaşmadığını bildirib: "Bunun effekti olmayacaq".

Rəşid Qarayev