MHŞ: Gənc nəsil hakimlər ilk dəfə məhkəmə sədri vəzifəsinə irəli çəkiliblər

Apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri ilə bağlı müavafiq təyinatların aparılmasına dair ölkə Prezidentinin 28 dekabr 2022-ci il tarixli Sərəncamı kadr islahatlarında mühüm mərhələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının (MHŞ) yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, həmin Sərəncam 70-dək hakimi əhatə etmiş, apellyasiya məhkəmələrində vakant olan 3 sədr müavini və 5 kollegiya sədri vəzifələri yüksək hazırlığa, təşkilatçılıq qabiliyyətinə və mənəvi keyfiyyətlərə malik hakimlər hesabına komplektləşdirilib: "Həmçinin, birinci instansiya məhkəmələri sədrlərinin və digər hakimlərin fəaliyyətinin yeni Qaydalara uyğun prinsipial qiymətləndirilməsi nəticəsində 50 məhkəmə sədri vəzifəsi üzrə təyinat aparılmış, uzun müddət eyni bölgədə işləyən məhkəmə sədrləri rotasiya edilmiş, habelə 20 nəfər, o cümlədən yeni qaydalarla seçilmiş gənc nəsil hakimlər ilk dəfə məhkəmə sədri vəzifəsinə irəli çəkiliblər".