Baş Prokurorluqda 8 Martla bağlı tədbir keçirilib -

Martın 7-də Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev qadın prokurorluq işçilərini, dövlət qulluqçularını və veteran xanımları bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Baş prokuror, 8 Mart Beynəlxalq Qadınlar Gününün uzun illərdən sonra ilk dəfə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə qeyd edildiyini, bunun böyük bir tarixi hadisə olduğunu bildirib.

Vurğulanıb ki, 19 sentyabr 2023-cü il tarixdə keçirilmiş lokal xarakterli anti-terror tədbirləri nəticəsində dövlət suverenliyimiz bütün Azərbaycan Respublikasında bərpa edilib, 15 oktyabr 2023-cü il tarixdə Müzəffər Ali Baş Komandan tərəfindən bayrağımızın Xocalıda, Ağdərədə, Əsgəranda, Xankəndidə qaldırılmaqla həmin ərazilərdə Azərbaycan Respublikasının dövlət qurumlarının, o cümlədən prokurorluq orqanlarının fəaliyyəti bərpa edilib.

Cari il fevral ayının 7-də növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri zamanı xalqımızın növbəti dəfə öz müdrikliyini göstərdiyi və Azərbaycan xalqına müasir tarixinin ən böyük nailiyyətini bəxş etmiş Müzəffər sərkərdəsinin gördüyü işlərə cavab verərək layiqli Liderini yenidən seçdiyi xüsusilə qeyd edilib.

Bu tarixi nailiyyətlərin əldə edilməsində Azərbaycan qadınının müstəsna rolundan danışan Kamran Əliyev, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründən başlayaraq Azərbaycanda qadınların ictimai fəallığının yüksək səviyyədə olduğunu, qadınlar dövlət idarəçiliyinin müxtəlif səviyyələrində, parlamentdə, hökumətdə, hakimiyyət orqanlarında, elmi, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə fəal rol oynadığını diqqətə çatdırıb.

Ümummilli liderimiz tərəfindən əsası qoyulan bu siyasətin dövlət başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyi qeyd edilərək, bunun nəticəsində ölkəmizdə qadın hüquqlarının yüksək səviyyədə qorunduğu, qadınlarımızın bütün strukturlarda ön sıralarda fəaliyyət göstərdikləri bildirilib.

Xüsusi qeyd olunub ki, ölkəmizin tərəqqisində və əldə olunan uğurlarda, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında dövlət başçısı cənab İlham Əliyevin ən sadiq silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Qadınların ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində də yüksək sədaqət və peşəkarlıq göstərdikləri, onların peşəkar hüquqşünas və qanun keşikçiləri olmaqla yanaşı, hüquq sistemində pozitiv dəyişikliklərin baş verməsində mühüm rol oynadıqları bildirilib.

Hazırda prokurorluq işçisi olan qadınlardan 105 nəfərin müsabiqə yolu ilə işə qəbul edildiyi vurğulanaraq diqqətə çatdırılıb ki, onlardan 10 nəfər rəhbər vəzifədə, o cümlədən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru və 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir.

Prokurorluq orqanlarında uzun müddət fəaliyyət göstərmiş Əntiqə Qonaqova və Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Elfanə Bayramova çıxış edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində gender bərabərliyinin inkişaf etdirilməsi üçün mühüm işlər görüldüyünü, həyata keçirilən gender bərabərliyi siyasətinin prokurorluq orqanlarında uğurla davam etdirilməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Daha sonra xidməti fəaliyyətdə fərqlənən qadın prokurorluq əməkdaşlarına və veteran xanımlara mükafatlar təqdim olunub.

Tədbir zamanı prokurorluqda çalışan xanım əməkdaşların fəaliyyətinə həsr olunan “Zərif Güc” adlı qısa film nümayiş olunub.