Aİ-də hər dörd uşaqdan biri yoxsulluq riski altındadır

Avropa İttifaqında uşaqların 24,7%-i yoxsulluq və ya sosial təcrid riski altında yaşayır.

E-huquq.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) məlumatında bildirilib.

2022-ci il göstəricilərinə görə, uşaqların 24,7%-nin (təxminən 20 milyon) yoxsulluq və ya sosial təcrid riski altında yaşadığı qeyd olunub. 2021-ci ildə isə bu göstərici 24,4 faiz olub.

Ən yüksək göstəricilər Rumıniyada (41,5%), Bolqarıstanda (33,9%), İspaniyada (32,2%), ən aşağı göstəricilər isə Sloveniyada (10,3%), Çexiyada (13,4%) və Danimarkada (13,8%) qeydə alınıb.

Almaniyanın 24%-lə Aİ orta göstəricilərinə yaxınlaşması, Fransanın isə 27,4%-lə orta göstəricini keçməsi diqqət çəkib.

Sözügedən statistikada ölkə üzrə gəliri orta gəlirin 60%-dən aşağı olan insanlar "yoxsulluq təhlükəsi altında olanlar" kateqoriyasına aid edilib. "Sosial təcrid" isə məzuniyyətə gedə bilmək, minik avtomobilinə sahib olmaq kimi yaşayış səviyyəsi ilə ölçülüb.

Şəbnəm Mehdizadə